Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “BƏZİ MƏMURLAR VAR Kİ, İNFORMASİYA VERMƏYƏ QARINLARI AĞRIYIR”

“BƏZİ MƏMURLAR VAR Kİ, İNFORMASİYA VERMƏYƏ QARINLARI AĞRIYIR”


6-06-2012, 13:11
“BƏZİ MƏMURLAR VAR Kİ, İNFORMASİYA VERMƏYƏ QARINLARI AĞRIYIR”

“UNİKAL” İKİ YAŞINI QEYD EDİR

Bu gün “Unikal” qəzetinin iki yaşı tamam olur. Bununla bağlı açıqlama verən qəzetin baş redaktoru Asəf Rzayev bildirib ki, iki il müddətində dərc olunan qəzet artıq ciddi bir informasiya daşıyıcısına çevrilə bilib.

O hesab edir ki, yaxın zamanlarda qəzetin təsir imkanları daha da artacaq. Baş redaktorun sözlərinə görə, qəzet hər zaman Azərbaycan dövlətçiliyinə xidmət edəcək bir mövqe tutub və jurnalistikanın prinsiplərinə sadiq qalıb və qalacaq.

Asəf Rzayev daha sonra mətbuatın bu günkü durumuna da toxunaraq bildirdi ki, hal hazırda ümumilikdə medianın bir sıra ciddi problemləri var və “Unikal” qəzeti də bu problemləri yaşayır. Onun sözlərinə görə ciddi problemlərdən biri informasiya qıtlığının yaranmasıdır: “Bu gün bəzi məmurlar var ki, az qala gizli qalanın içində yaşayırlar və adi informasiyanın belə verilməsinə qarınları ağrıyır. Bunun nəticəsində də şaiyələr mediada tez-tez yer alır. Halbuki cənab Prezident İlham Əliyev hər zaman mətbuatla sıx ünsiyyətdə olub və buna görə də bir neçə il öncə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür”.

Asəf Rzayev həmçinin bildirir ki, qəzetlər maliyyə baxımından da ciddi çətinliklər yaşayırlar: “Düzdür cənab Prezidentin təşəbbüsü ilə Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu xəttiylə qəzetlərə dövlət tərəfindən yardımlar edilir. Amma arzu edərdik ki, bu, gündəlik dərc olunan və informasiya daşıyıcılıq qabiliyyəti olan bütün qəzetlərə,o çümlədən ”Unikal”ada şamil olunsun. Bu olarsa “Unikal” qəzeti təsir imkanlarını daha da gücləndirə bilər”.

Asəf Rzayev bunu da bildirdi ki, bu gün qəzetlərin tiraj problemi də var ki, bununla da ciddi məşğul olmaq lazımdır. Onun fikrincə, bunun başlıca səbəblərindən biri də ölkə də köşklərin sayının həddindən artıq az olmasıdır. “Bu məsələ bir başa dövlətin himayəsinə verilərsə daha maraqlı nəticələrə sahib olmaq olar”.

Qəzetimizin rəhbəri vurğuladı ki, bu gün «Unikal»ın indiki səviyyəyə gəlib çatması və populyarlaşmasında oxuculara dərindən təşəkkürünü bildirir. “Çünki onların qəzetimizin güclü olmasında, ayaq üstə durmasında əməyi həddindən artıq çoxdur. Fədakar əməkdaşlarımıza da təşəkkür edirəm. Onların gərgin əməyi sayəsində «Unikal» ölkədəki qəzet bazarında yerini tutmaqdadır. Onu da vurğulamaq yerinə düşərdi ki, «Unikal» fəaliyyət göstərdiyi iki il ərzində heç də rəvan yol getməyib. Əksinə, bu illər ərzində dəfələrlə məhkəmə çəkişmələri, problemlərlə üzləşmişik. Amma bunlara baxmayaraq, biz yenə də oxucularımıza qərəzsiz bir qəzet, cəmiyyəti maraqlandıran informasiyalar verməkdə davam edirik. Məqsədimiz cəmiyyətə obyektiv, operativ və dəqiq məlumat çatdırmaq, habelə vətəndaşların ictimai vəkili kimi çıxış etməkdir”.

“Unikal” qəzetinin gələcək planlarına toxunan Asəf Rzayev bildirdi ki, artıq qəzetin portalı “unikal.org” sistemli şəkildə fəaliyyətə başlayıb. “Fikrimiz var ki, müasir virtual məkanda fəaliyyətimizi daha da genişləndirək”.


Geri qayıt