Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TQDK İLƏ TƏHSİL NAZİRLİYİNİN FƏRQİ
TQDK İLƏ TƏHSİL NAZİRLİYİNİN FƏRQİ7-06-2012, 11:49 |
“BU İŞDƏ “ŞEYTAN BARMAĞI” OLDUĞUNU SÖYLƏYİRDİLƏR” Əlövsət Osmanlı: “TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər” DİA.AZ: - Bu il aprelin 19-da ölkə başçısının fərmanı ilə orta məktəblərdə buraxılış (attestasiya) imtahanlarının həyata keçirilməsi və dərsliklərin monitorinqi Təhsil Nazirliyindən alınaraq TQDK-ya həvalə edildi. Fərmanın birinci hissəsilə bağlı TQDK-da artıq xeyli işlər görülüb. Belə ki, ölkənin bir çox məktəblərinin 9, 11-ci siniflərində buraxılış imtahanları keçirilib, nəticələr də bəllidir. Çox qəribədir ki, fərmanın ikinci hissəsinin – dərsliklərin monitorinqi ilə bağlı işlərin nə yerdə olduğu barədə qurum tərəfindən heç bir məlumat verilmir. Fərmanın necə icra olunması ilə bağlı təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik. O, DİA.AZ-a açıqlamasında gecikmiş olsa da, fərmanın Azərbaycan təhsilinin xeyrinə olduğunu bildirdi: “Təhsil Nazirliyinin buraxılış imtahanlarını ədalətli və sivil qaydada keçirə bilməyəcəyi hamımıza məlum idi. Bu həqiqət lağlağıya çevrilmiş “məzun bazası”nın təhvil-təslimi zamanı bir daha təsdiqləndi. Bəlli oldu ki, Təhsil Nazirliyinin buraxılış imtahanlarındakı “nailiyyəti”, gülməli olsa da, dörd sınıq-salxaq kompüterdən və alayarımçıq siyahıdan ibarət imiş. Cəmiyyət də bəzi üzdəniraq məmurların moizələrinə uyaraq elə başa düşürdü ki, doğrudan da, nazirlik müasir bazaya malikdir. Vaxtilə biz deyirdik, hay-haray salırdıq ki, bu adamlara beş qoyun da etibar etmək olmaz, aparıb ya qurda-quşa yem edəcəklər, ya da ki, özləri həzm-rabedən keçirəcəklər... TQDK-nın bu sahədə ilk addımları onu göstərdi ki, fərman bir çox pozitiv işlərə güclü təkan verəcək. Görürsünüzmü, vaxt darlığına və təhvil-təslimdən qaynaqlanan çətinliklərə baxmayaraq, komissiya qısa bir müddət ərzində bu işlərin öhdəsindən necə peşəkarlıqla gəldi: Cəmiyyət imtahanın hansı normativ-hüquqi sənədlər əsasında aparılacağı ilə tanış edildi; siyahılar yenidən dəqiqləşdirildi; lazımi təşkilati işlər görüldü; şəffaflıq olsun deyə, bu və ya digər səbəbdən imtahandan azad edilən bütün şagirdlərin siyahısı TQDK-nın saytında yerləşdirildi ki, kimin bu siyahıya şübhəsi varsa, buyursun bizə bildirsin, tədbirini qilaq və s. Bəs ötən illərdə necə idi? Nazirlik ümumi şəkildə imtahanlardan azad etdiyi şagirdlərin sayını bildirir, ən vacib informasiyanı – konkret olaraq kimlərin niyə azad edildiyini isə bildirmirdi. Ona görə də insanlar bu işdə “şeytan barmağı” olduğunu söyləyirdilər. Ekspert bir çox məzunların kəsiləcəyi barədə yayılan şayiələrə ayrıca münasibət bildirdi: “Bəziləri bu fərmanın nazirlik və TQDK arasında intriqa yaradacağını, bir çox məzunların bunun qurbanı olacağını bildirirdilər. Nə baş verdi?! Məlum oldu ki, TQDK-nın məqsədi, nazirlikdən fərqli olaraq, imtahanlar zamanı məzunları “sıxma-boğmaya salmaq” yox, onların bilik və bacarıqlarını üzə çıxarmaqdır. Ona görə də tapşırıqları sadələşdirdi, imtahanlara hazırlıq üçün vaxt məhdudiyyətini nəzərə alaraq doğru cavablar şkalasını xeyli aşağı endirdi ki, bu il imtahandan keçməyən məzunlar günahı özlərində axtarsınlar. İndi sual edirəm: Hər il imtahandan sonra Təhsil Nazirliyi qarşısında keçirilən mitinqlər, piketlər, səs-küy, şamartı bu il niyə yoxdur? Qarğışları ərşə qalxan valideynlər niyə gözə dəymir? Çünki toplum TQDK-ya güvənir, onun keçirdiyi imtahanın ədalətli olduğuna inanır. Əslində bu, hamıya aydındır, xüsusilə də, özünü 7-dən 77-yə hamının gözündən salmış Təhsil Nazirliyi məmurlarının hər il törətdiyi əməllər fonunda... Dərsliklərin monitorinqi ilə bağlı TQDK-da duyulan ləngliyə rəğmən ekspert belə dedi: “Mən də hesab edirəm ki, TQDK işinin çoxluğundan asılı olmayaraq, fərmanın ikinci hissəsi – dərsliklərin monitorinqi ilə bağlı üzərinə düşən vəzifələrin icrasına da vaxt ayırmalıdır. Çünki bu saat Təhsil Nazirliyində bəziləri hələ də bulanıq suda balıq tutmaqla məşğuldurlar. Bilirsiniz ki, həmişə olduğu kimi, bu il də dərsliklərin nəşri və çapı üzrə keçirilən tender baş tutmayıb. Qoltuq nəşriyyatlar bu gün məmurlarla “işbirliyinə girərək” dərslik lotlarını mal-pay etməklə məşğuldurlar. TQDK bilməlidir ki, təhsilimizin məzmununu dağıdan bu yırtıcılar üzümüzə gələn il üçün də xüsusi “planlar” üzərində işləyirlər. Ona görə də bu qurum indidən dərslik məsələsinə də əl qoymalıdır. Elə olmasın ki, iş işdən keçsin və gedən qatarın arxasınca baxıb gileylənək...”. Geri qayıt |