Əsas Səhifə > Sosial, Manşet > AYAZ MÜTƏLLİBOV HƏLƏ DƏ QORXULU FİQURDUR

AYAZ MÜTƏLLİBOV HƏLƏ DƏ QORXULU FİQURDUR


7-06-2012, 12:51
AYAZ MÜTƏLLİBOV HƏLƏ DƏ QORXULU FİQURDUR

BUNA GÖRƏ İQTİDAR KEÇMİŞ PREZİDENTİ SİYASƏTDƏN GETMƏYƏ VADAR ETDİ

DİA.AZ: - Bir neçə gün əvvəl mətbuata açıqlama verərək «artıq çemodanlarımı Bakıya yollamışam» deyən Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Xatırladaq ki, Rusiyada illərdir siyasi mühacir həyatı yaşayan sabiq dövlət başçısı parlamentdə eks-prezidentlər haqqında qəbul olunan qanun layihəsindən sonra vətənə dönmə fürsəti əldə edib.

Gələn məlumatlarda deyilirdi ki, artıq qanuna uyğun olaraq keçmiş prezidentə Bakının mərkəzi rayonlarının birində 5 otaqlı mənzil, habelə Novxanı ərazisində bir villa da bağışlanıb. Bundan əlavə, Ayaz Mütəllibova başqa güzəştlər də nəzərdə tutulub. Bütün bu şəraitin qarşılığı olaraq isə keçmiş prezident siyasətdən çəkildiyini və hətta onu dövlətin başına gətirən bir prosesdən iyrəndiyini də açıqlayıb.

DİA.AZ-a daxil olan məlumatlarda isə bildirilir ki, əslində Ayaz Mütəllibovun qarşısında siyasətdən getməsi bir şərt kimi qoyulubmuş. Mənbəmiz bildirir ki, bu barədə danışıqlar hələ keçən ilin avqust ayında - oğlunun vəfatı münasibətilə Bakıya gəlişinə şərait yaradılan zaman keçmiş prezidentlə aparılıb və Ayaz Mütəllibov Azərbaycanda yaşaya bilməsi üçün siyasətdən imtina qərarını verəcəyi ilə bağlı YAP iqtidarı qarşısında söz verib.

Əslində bir çoxları üçün Ayaz Mütəllibov sadə bir fiqur görünsə də, onun hələ də Şirvan eloktoratı arasında böyük nüfuza malik olması bir faktdır. Kifayət qədər siyasiləşmiş eloktorat olan Şirvan camaatını bu vaxta qədər hər hansı başqa bir liderin birləşdirə bilməməsi son nəticədə Ayaz Mütəllibovun əhəmiyyətli siyasi fiqur kimi qorunmasına gətirib çıxarıb.

Məhz buna görə də rəsmi Bakı hər zaman Mütəllibova ehtiyatla yanaşıb. Hətta mərhum prezident Heydər Əliyevin Rusiya ilə gözəl münasibətlərinin olmasına baxmayaraq, onun dövlət rəhbərliyi dönəmində Kremlin Mütəllibovla bağlı xahişləri qəti surətdə rədd edilmişdi. Bu isə Ayaz Mütəllibovun ictimai reytinqlə ilə birbaşa əlaqələndirilirdi.

İndi isə sabiq prezident Bakıya gəlməyə hazırlaşır. Özünün dediyi kimi, artıq çemodanlarını da vətəninə yollayıb. Məlumatlı mənbələrdən sızan informasiyaya görə, artıq Ayaz Mütəllibov üçün şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu da hazırlanıb. Yəni hüquqi prosedurlar artıq geridə qalıb. Tək qalanı isə məlum qanunun tam olaraq qüvvəyə minməsidir.


Geri qayıt