Əsas Səhifə > Sosial, Manşet > CƏLİLABADDA YAS MƏCLİSİNDƏ SİYASİ DAVA

CƏLİLABADDA YAS MƏCLİSİNDƏ SİYASİ DAVA


7-06-2012, 14:22
CƏLİLABADDA YAS MƏCLİSİNDƏ SİYASİ DAVA

KEÇMİŞ NAZİRLƏ KOMİTƏ SƏDRİNİN QOHUMLARI TOQQUŞDULAR

DİA.AZ: - 67 saylı Cəlilabad şəhər seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatlığa vahid namizədi kimi mandat qazanmış Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı Malik Həsənovun işi çətinə düşüb. Bu barədə DİA.AZ-ı bilgiləndirən mənbənin verdiyi məlumata görə, 2005-ci ildə Fərhad Əliyevə “torba tikilməsi” prosesində baş rollardan birini oynayan Kərəm Həsənovun əməlləri Cəlilabad camaatı tərəfindən unudulmayıb.

Mənbəmiz deyir ki, Cəlilabadda kifayət qədər nüfuzu olan Fərhad Əliyevin həbs edilməsində əsas günahkar kimi Kərəm Həsənovu görən rayon camaatı komitə sədrinin qardaşının bu rayondan deputat olmasını heç cürə həzn edə bilmirlər. Xatırladaq ki, Cəlilabad camaatı komitə sədrinin qardaşına hələ 2010-cu ilin parlament seçkiləri zamanı belə problem yaratmışdılar. Daha doğrusu, Malik Həsənov belə bir problemdən ehtiyatlanaraq həmin ərəfədə namizədliyini öz kəndinin də yerləşdiyi 68 saylı dairədən verməyərək, 67 saylı dairədən namizəd olmuşdu.

Məlumatlarda deyilir ki, Malik Həsənov öz kəndindən səs yığa bilməyəcəyini, hətta seçicilər tərəfindən biabır vəziyyət salınacağını bildiyindən 68 saylı dairədən namizəd olmayıb. Onu da qeyd edək ki, 68 saylı dairədə Həsənovların doğulduqları və bütün qohum-əqrəbalarının yaşadığı kənddən əlavə, Fərhad Əliyev doğulduğu və yüksək nüfuza sahib olduğu Alar kəndi də yerləşir.

Redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, Cəlilabad rayonunda Fərhad Əliyevin yaxın adamları yenidən fəallaşıblar və onlar hətta keçmiş naziri «baqaja qoymuş» Kərəm Həsənovun yaxın qohum-əqrəbasını dışlamağa da başlayıblar. Mənbəmizin bildirdikləri: «Bu günlərdə rayondakı yas yerlərinin birində Kərəm Həsənovun qohumları ilə Fərhad Əliyevin qohumları üz-üzə gəliblər. Onlar arasında mübahisə yaranıb. Və bu zaman Fərhad Əliyevin əmisi oğlu Kərəm Həsənovun qohumuna «siz xainsiniz, çörəyiniz dizinizin üstündədir» sözlərini deyərək Kərəm Həsənovun 7 il əvvəl Fərhad Əliyevə xəyanətinə işarə edib. Komitə sədrinin qohumu da Fərhad Əliyevin adamına sərt cavab verib».

Mənbəmiz bildirir ki, bu zaman mübahisə böyüyüb və işə digər yas məclisində iştirak edənlər də qoşulub. Onlar da Fərhad Əliyevin qohumuna qahmar çıxaraq, Kərəm Həsənovun qohumunu yas məclisindən qovublar.

Geri qayıt