Əsas Səhifə > Partiya > SAHİB KƏRİMOVA QARŞI ABSURD BƏHANƏ

SAHİB KƏRİMOVA QARŞI ABSURD BƏHANƏ


7-06-2012, 14:46
SAHİB KƏRİMOVA QARŞI ABSURD BƏHANƏ

SƏN DEMƏ O, ÖZÜNÜ LİDER KİMİ APARIRMIŞ

İyunun 7-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin həbsdə olan müşaviri Sahib Kərimovun şikayətinə baxılıb.

Şikayət Qaradağ Rayon Məhkəməsinin qərarından verilmişdi. Sahib Kərimov cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl azad olunması xahişi ilə Qaradağ məhkəməsinə müraciət edib. Məhkəmə cəbhəçi məhbusun saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən verilən arayışa əsaslanaraq müraciəti geri çevirib.

2011-ci il aprelin 2-də müxalif İctimai Palatanın Bakıda keçirdiyi aksiyaya görə tutulan Sahib Kərimov 2 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP-dən “Media forum” saytına verilən məlumatda deyilir ki, Sahib Kərimov iyunun 7-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə çıxış edib. O, qeyd edib ki, günahsiz yerə həbs olunub və həbsdəki müddətdə heç bir intizam tədbirinə məruz qalmayıb, buna baxmayaraq cəzaçəkmə müəssisəsinin rəhbərliyi absurd arayışı ilə onun azadlığa çıxmasının önünü alır.

Arayış məhkəmədə elan olunub. Sənəddə qeyd olunur ki, Sahib Kərimov onunla aparılan söhbətlərdə özünü günahkar bilmir, törətdiyi əməldən peşman deyil: “Bundan başqa o, mütaliəyə meylli olsa da, gününü kitabxanada keçirsə də, fərdiyyətçidir, başqalarından fərqlənməyə çalışır, iddialıdır və özünü lider kimi aparır”.

Arayışda o da göstərilir ki, Sahib Kərimov idmandan başqa heç bir kütləvi təbdirdə iştirak etmir, əməyə münasibəti qənaətbəxş deyil.

Dövlət ittihamçısı müəssisədən verilən arayışı və Qaradağ məhkəməsinin qərarını müdafiə edib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri qısa müşavirədən sonra Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən qüvvədə saxlayıblar.


Geri qayıt