Əsas Səhifə > Partiya > BƏXTİYAR HACIYEV MƏSLƏHƏT VERMƏYƏ BAŞLADI
BƏXTİYAR HACIYEV MƏSLƏHƏT VERMƏYƏ BAŞLADI7-06-2012, 15:31 |
“MÜXALİFƏT TAKTİKANI DƏYİŞMƏLİDİR” Azərbaycanda siyasi iradə istənilən qanundan üstündür. Bu barədə bu günlərdə azadlığa buraxılmış gənc fəal Bəxtiyar Hacıyev “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində bildirib. Onun sözlərinə görə, ədalətli məhkəmə icraatının və prosessual qanunvericiliyə əməl olunmasının vacibliyi ilə bağlı məhkəməyə dəfələrlə müraciətlər nəticə verməyib. Lakin ABŞ dövlət katibi Hillari Klintonun səfəri ərəfəsində dövlət başçısına müraciət müsbət nəticə verib. Bundan əvvəl dünya birliyi Azərbaycan rəhbərliyindən Harvard Universitetinin tələbəsinin buraxılmasını dəfələrlə tələb edib, lakin reaksiya olmayıb. B.Hacıyev ölkə prezidentinə məktubunda ona mərhəmət göstərilməsini xahiş etməyib, sadəcə yazıb ki, əcnəbilər qarşısında öhdəliyi yoxdur və öz ölkəsinə azadlıqda faydalı olmaq istəyir, həbsxana divarları arasında yox. İyunun 4-də gənc fəalın azadlığa buraxıldığı 14 saylı koloniyada yeddi vicdan məhbusu saxlanılır. Onlardan Vidadi İsgəndərli şəkərli diabetdən və böyrək çatışmazlığından, Şahin Həsənli isə ürək xəstəliyindən əziyyət çəkir. Lakin onlar ümumi şəraitdə saxlanılır. Koloniya səhrada daş karxanalarının arasında yerləşir. Bura həyat üçün yararlı deyil. Kameralarda toz, yüksək rütubətlilik, yayda boğanaq, qışda nəmişlik olur. B.Hacıyev azadlığa çıxdıqdan sonra siyasi partiyalarda məsləhətçi, bloger olmaq, ictimai fəaliyyətlə məşğul olmaq istərdi. Lakin müxalifətdə olan siyasi partiyaların rəhbərlikləri alternativ baxışları qəbul etmirlər və belə hesab edirlər ki, xarici ali məktəblərin məzunları yerli reallıqları bilmirlər. Fəalın fikrincə, hakim partiya peşəkarlardan ibarət komandanı saxlamaq üçün kifayət qədər maliyyə resursuna malikdir. Müxalifətçilər uğurlu fəaliyyət üçün seçkiqabağı kampaniyalarda taym-aut götürməli, öz imkanlarını qiymətləndirməli, elektoratla tez-tez görüşlər keçirməli, kreativ iş formasını fikirləşib tapmalıdırlar. Bu gün hakimiyyətlə konfrontasiyaya getmək real deyil, siyasi texnologiyaları inkişaf etdirmək, prezidentliyə vahid namizədin müəyyən olunması üçün praymeriz prosedurunu keçmək lazımdır. B.Hacıyev təhsilini davam etdirmək üçün qısa müddətə xaricə getmək, sonra vətənə qayıtmaq niyyətindədir. Geri qayıt |