Əsas Səhifə > Güney Press, Üçüncü sektor > 12 İYUNDA PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA

12 İYUNDA PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA


8-06-2012, 17:10
12 İYUNDA PREZİDENT ADMİNİSTRASİYASININ QARŞISINDA

FIRILDAQ QURBANLARI ETİRAZA HAZIRLAŞIR

İyunun 12-də saat 12-də Prezident Administrasiyasının binası önündə “Kamran” və “Fuad” tikinti şirkətlərinin aldadılmış əmanətçilərinin etiraz aksiyası keçiriləcək. Bu barədə bugünki mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, “Fuad” şirkətinin rəhbəri Qasım Məmmədov cinayət məsuliyyətinə cəlb edilib, lakin azadlıqda gəzir və hətta tikintisi tamamlanmamış evdə mənzillərə görə pul toplamaqda davam edir.

Hüquq müdafiəçisi xatırladıb ki, Abşeron rayon icra hakimiyyətinin rəhbəri Zakir Fərəcov Qasım Məmmədovun “səhvini” düzəltməyi üzərinə götürüb. Xırdalan qəsəbəsində evsiz qalan insanlar üçün 12 mərtəbəli üç bloklu ev tikilir. Amma bu bina istismara verilsə belə, oraya 210 ailə yerləşəcək, qalan 90 ailə isə yenə mənzilsiz qalacaq (fırıldaqçılıqdan ümumilikdə 300 nəfər ziyan çəkib).

Bu işin tarixçəsinə toxunan hüquq müdafiəçisi xatırladıb ki, binanın tikintisi 2007-ci ildə dayandırılıb. O vaxtdan etibarən insanlar məşəqqət çəkməyə, pullarını geri istəməyə, ayrı-ayrı instansiyalara getməyə, etiraz aksiyaları keçirməyə başlayıblar. Onlara “Eurovision” müsabiqəsinə qədər bütün problemləri həll etmək vəd olunurdu, indi isə onları eşitmək belə istəmirlər.

Aldadılmış əmanətçilər Maral Abışova və Nofəl Quliyev çəkdikləri əziyyətlər barədə danışıblar.

“Eurovision”a və digər “əyləncələrə” xərclənən vəsaitin cüzi hissəsi belə aldadılmış əmanətçilərin vəziyyətinin düzəldilməsinə yönəldilsəydi, bütün məsələlər həll olunardı, deyə o qeyd edib.


Geri qayıt