Əsas Səhifə > Sosial, Manşet > VAQİF AXUNDOV İDARƏSİNDƏ MTN-Çİ AXTARIR

VAQİF AXUNDOV İDARƏSİNDƏ MTN-Çİ AXTARIR


9-06-2012, 12:53
VAQİF AXUNDOV İDARƏSİNDƏ MTN-Çİ AXTARIR

İKİ İŞÇİSİNİ BU İTTİHAMLA QOVAN XDMX RƏİSİ NİYƏ NARAHATDIR?

DİA.AZ: - Bir müddət əvvəl belə bir məlumat yayıldı ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Təhlükəsizlik Nazirliyinə birləşdirilməsi planı mövcuddur və bu birləşmə ilə qurumun rəhbəri Vaqif Axundov istefaya göndəriləcək. Qurumda rəis müavini postunu tutan Bəylər Əyyubovun isə MTN-ə müavin gətirilməsi nəzərdə tutulub.

Amma bunların heç biri baş vermədi. Sonradan isə aydın oldu ki, əslində qeyd olunanlar sadəcə olaraq MTN rəhbərliyinin planı və yaxud da arzusu olaraq dövriyyəyə buraxılıb. Və bundan narahatçılıq keçirən XDMX rəisi Vaqif Axundov da öz növbəsində MTN-ə qarşı bir sıra addımlar atmaqdadır.

Xatırladaq ki, bir neçə ay əvvəl mühafizə xidmətinin iki əməkdaşı işdən qovuldular. Və onların qovulmasının səbəbi kimi həmin şəxslərdən birinin MTN-nə işləməsi olub. Hər halda, belə bir ittihamı XDMX rəhbərliyi səsləndirib və işdən qovduqları xidmət əməkdaşına bunu aşkar surətdə söyləyiblər. Amma rəhbərliklə razılaşmayan həmin keçmiş əməkdaş mətbuatda öz haqqını aramağa başladıqdan sonra, artıq özü də hədəfə çevrilib və na qarşı saxta və absurd ittihamlar səsləndirilməkdədir.

Amma məsələnin kökündə Vaqif Axundovun Eldar Mahmudova qarşı köklənməsinin dayandığı bir faktdır. Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, hələ də XDMX şefi gecələrini arxayın keçirə bilmir və öz idarəsində kimlərinsə Eldar Mahmudovun şpionu olmasından şübhələnir.

Məlumatlı mənbənin sözlərinə görə, bu günlərdə idarədə toplantı zamanı da Vaqif Axundov müavinlərindən birinə belə bir təlimat da verib: «XDMX rəisi təlimat verərək müavinindən idarədə çalışanların xüsusi nəzarətə alınmasını istəyib və onların MTN-də çalışan hansısa şəxslə qohumluq əlaqələrinin olub-olmamasının da araşdırılmasını istəyib».

Hər halda, Vaqif Axundovun bu narahatçılığı anlaşılandır. Çünki onun bu gün yeganə dərdinin məhz Eldar Mahmudov olmasını bütün faktlar təsdiqləyir. Çünki xidmət rəisinin qovduğu işçilərdən birinin atası həqiqətən də MTN şefi Eldar Mahmudovla münasibətlərdə olub. Amma bu münasibətlər heç də o demək deyil ki, şpionaja gətirib çıxarıb. Bunun belə olmamasına rəğmən Vaqif Axundov yenə də ehtiyatlı davranmaq zorundadır.

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt