Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARDAN «JURNALİST PULU» YIĞIRLAR

MƏMURLARDAN «JURNALİST PULU» YIĞIRLAR


20-10-2011, 10:53
MƏMURLARDAN «JURNALİST PULU» YIĞIRLAR

PREZİDENTİN AYIRDIĞI 5 MİLYON MANATI KİM MƏNİMSƏYİB?

DİA.AZ: - Neçə müddətdir ki, qəzetimiz tərəfindən prezidentin jurnalistlərin yaşayış evləri ilə təmin olunması məqsədilə ayırdığı 5 milyon manat vəsaitin aqibəti ilə bağlı həyəcan təbili çalmasına baxmayaraq, hələ də rəsmi dillər bu barədə susur. Kimsə bu barədə danışmaq istəmir. Yalnız quru vədlər verilir. Üstündən bir ildən artıq müddətin keçib, amma nə jurnalistlər üçün tikiləcək binanın yeri müəyyən olunub, nə də bu məsələnin həll olunacağı ilə bağlı fikir qətiləşib.

Bildirək ki, Bibiheybət qəsəbəsi ərazisində Dövlət Neft Şirkətinə aid torpaqdan bu məqsədlə pul ayrılmışdı. Lakin sonradan məlum oldu ki, əslində ARDNŞ şefi Rövnəq Abdullayev heç də həmin ərazinin jurnalistlər üçün ayrılmasına razılıq verməyib, sadəcə olaraq bu prosesdə əsas maraqlı tərəf kimi çıxış edən Prezident administrasiyasının şöbə müdiri Əli Həsənov həmin ərazini ARDNŞ-dən qoparmaq marağını güdürmüş.

Bununla bağlı yayılan məlumatlarda vurğulanır ki, əslində həmin ərazi inşaat işləri üçün, xüsusən də bir binanın tikintisi üçün yararlı deyil. Bu barədə hətta ARDNŞ-də də məlumatlı olublar. Amma buna baxmayaraq, Əli Həsənovun təşəbbüslərinə kimsə mane olmayıb. Sonradan isə məlum olub ki, ərazi bina tikintisi üçün yararsızdır. Elə həmin əraziyə yaxın yerdə inşa olunan çoxlu sayda beşmərtəbəli binanın teleyi belə bu günə kimi qaranlıqdır. Çünki qurunt sularının yığışdığı yerin qurudulmasından sonra tikilən həmin binalar günü bu gün də məskunlaşmayıb. Buna səbəb kimi isə binaların 3-cü mərtəbəsinə qədər divarların nəm çəkməsidir. Və proqnozlaşdırılır ki, həmin binalar məskunlaşacağı təqdirdə onların çökmə ehtimalı çox yüksəkdir. Çünki boşluğun və gölün üzərində inşa olunması bu aqibəti qaçılmaz edir.

Jurnalistlər üçün gözqarası edilmiş ərazinin isə bir vaxtlar neft quyusunun yeri olduğu məlum olub. Amma Əli Həsənov buna rəğmən istismar müddəti başa çatmış neft quyusunun üzərində jurnalistlərə bina tikməyə həvəsli idi.

Təbii ki, bütün bunlar gələcəyə hesablanmış addımlardır. Amma hələlik həmin 5 milyon manatın taleyi qaranlıq olaraq qalır. Bu barədə əldə olunan xəbərlərdə vurğulanırdı ki, əslində jurnalistlər üçün nəzərdə tutulan evin inşası məqsədilə ayrılan 5 milyon manat Əli Həsənovun yaxın adamları tərəfindən xarici banklarda dövriyyəyə buraxılıb və bu hesabla bir ay ərzində külli miqdarda qazanc əldə olunur. Elə buna görə də, binanın inşası da yubanır.

Amma dünən redaksiyamıza bununla bağlı başqa bir məlumat daxil olub. Mötəbər mənbələrin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiyinə görə, əslində prezident pulun ayrılmasına göstəriş versə də, həmin pul ayrılmayıb. Sadəcə olaraq tam olaraq mənimsənilib və nəzərdə tutulub ki, həmin vəsait ayrı-ayrı məmurlardan və iş adamlarından yığılacaq. Bu barədə mənbənin söylədikləri:

«Artıq bəzi oliqarx-məmurlara, iş adamlarına və eləcə də icra başçılarına «jurnalist pulunun» yığılması barədə göstəriş verilib. Qeyri-rəsmi olan göstərişə əsasən, hər kəsin üzərinə müəyyən öhdəlik qoyulub. Ümumi olaraq isə 5 milyon manat toplanılmalıdır».

Mənbəmiz onu da bildirir ki, artıq bəzi məmurlar bu göstərişi etirazla qarşılayıblar: «Hətta onlardan biri prezidentə şikayət edəcəyini də bildirib. Qeyd edib ki, prezidentin ayırdığı pulu kim mənimsəyibsə, o da həmin pulu geri qaytarmalıdır. Niyə bu pul başqalarının hesabına toplanılır».

Bir sözlə, bu faktın özü belə təsdiqləyir ki, Azərbaycan hələ də cəngəllik qanunları ilə idarə olunur. Jurnalistlərə gəlincə isə, onların həvəslə gözləməsinə də artıq lüzum yoxdur. Belə görünür ki, hakimiyyət nə həmin binanı tikən deyil, nə də pulu ortaya qoyan. Sadəcə olaraq düz bir il əvvəl prezident bizimlə zarafat etmiş, könlümüzü almışdı. Yəni söz olsun deyə, belə demişdi. Vəssalam.


Geri qayıt