Əsas Səhifə > Sosial, Manşet > DÖVLƏTİMİZ İRAN QARŞISINDA NİYƏ ACİZDİR?
DÖVLƏTİMİZ İRAN QARŞISINDA NİYƏ ACİZDİR?12-06-2012, 12:39 |
NƏDƏN BAKIDAKI İRANA AİD İQTİSADİ RIÇAQLARA QARŞI TƏDBİR GÖRÜLMÜR? DİA.AZ: - Son zamanlar İran-Azərbaycan mətbu cəbhəsində bir sükut müşahidə olunmaqdadır. Bu daha çox atəşkəsə bənzəyir. Çünki buna qədər baş verənlər artıq elə bir həddə çatmışdı ki, iki ölkənin arasında yanan körpülər bərpa edilsin, hansısa xoşməramlı bir anlaşma əldə edilsin. Bildirək ki, DİA.AZ olaraq İranın xüsusi xidmət orqanlarının Bakıda və eləcə də Azərbaycanın digər ünvanlarında böyük şəbəkəyə malik olmasını faktlarla diqqətinizə çatdırmışıq. Amma nədənsə, hər zaman Azərbaycanın müvafiq dövlət qurumları yalnız yarımçıq görülən tədbirləri ilə diqqətə gəliblər. Məsələn, hansısa xəbər portalının İran xəfiyyəsinə çalışdığı sübuta yetirilirsə, həmin portalın rəhbərinin cibindən narkotik maddə tapılaraq tədbir görülür. Bu isə əslində Azərbaycanın bir dövlət olaraq maraqlarının gərəkən səviyyədə qorunmamasına gətirib çıxarır. Hüquq-mühafizə orqanlarının fundamental bir prosesə start verə bilməmələrinin əsas səbəbi barədə isə kimsə danışmaq istəmir. Halbuki, redaksiyamız tərəfindən bu məsələ də dəfələrlə qaldırılıb. Məsələn, bu bir faktdır ki, günü bu gün də Azərbaycanda İranın şübhəli çevrələrinə aid xeyli sayda iqtisadi strukturlar fəaliyyət göstərməkdədir. Bank sektorundan tutmuş elektrik avadanlıqlarının istehsalına, maşın biznesinə qədər bütün istiqamətlərdə möhkəmlənən İran agenturası təbii ki, belə bir ciddi maliyyə qaynağı ilə Azərbaycanda çox işləri görə bilər. Digər yandan isə həmin sektorların əksəriyyətində İranın xüsusi agentləri ilə ortaq kimi məhz Azərbaycanın ayrı-ayrı məmurlarının fəaliyyət göstərməsi öz növbəsində hüquq-mühafizə orqanlarının əl-qolunu bağlayır. Bir daha vurğulayırıq ki, bu da nəticədə Azərbaycanın dövlətçilik maraqlarına zərbədir. Yəni burada hansısa məmurun biznes marağının dövlət marağının üstündə olması şərti İrana aid iqtisadi rıçaqlara toxunulmazlıq qazandırmış olur. Bu məsələ ilə əlaqədar DİA.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbənin bildirdiklərindən belə aydın olur ki, bu günlərdə İranın Bakıdakı iqtisadi dayaqlarının iflic edilməsi üçün tədbirin görülməsi barədə təkliflər Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən «yuxarıya» təqdim edilsə də, həmin plan neçə müddətdir ki, Prezident Administrasiyasında ilişib qalıb. Mənbəmiz bildirir ki, hələ də təklifə cavab gəlməyib. Halbuki həmin təklifdə birbaşa olaraq Azərbaycanın dövlət maraqlarına xidmət edəcək çox ciddi tədbirlər planı yer alıb. Mənbəmizin sözlərinə görə, əslində təkliflərin PA-nın qapısında qalmasının əsas nədənlərindən biri tədbirlərin görüləcəyi təqdirdə bir sıra dövlət məmurlarının, hətta bir neçə nazirin belə böyük qazanc mənbələrindən imtina etməli olması məsələsi gündəmə gəlir. Bəli, yenə də hansısa məmurun biznes marağı dövlət maraqlarını üstələyir. Onu da bildirək ki, bir başqa qaynaqlar isə rəsmi Bakının sözügedən məsələdə fəaliyyətsizliyini İranın alternativ təzyiqlərə malik olması ilə əlaqələndirirlər: «Bu gün daha çox mafiya qanunları ilə hərəkət edən məmurlar İrandakı şübhəli dairələrlə elə sıx bağlanıblar ki, onların bir-birilərinə qarşı çox ciddi silahları yaranıb. Yəni Bakıdan hərəkət olacaqsa, Tehrandan cavab atəşi gecikməyəcək». Geri qayıt |