Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABŞ AZƏRBAYCANA KİMİ GÖNDƏRƏCƏK?

ABŞ AZƏRBAYCANA KİMİ GÖNDƏRƏCƏK?


14-06-2012, 12:59
ABŞ AZƏRBAYCANA KİMİ GÖNDƏRƏCƏK?

SENATDA MORNİNQSTARLA BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLİB

Prezident Obamanın Azərbaycana səfii təyin etdiyi namizəd Richard Morninqstarın ilk dinləməsi iki ölkə arasında son vaxtlar yığılıb qalmış bir sıra suallara işıq salıb.

Aydın olub ki, hətta dövlət katibi Hillari Klintonun ötən həftə regiona səfərindən sonra belə Administrasiya ölkədə baş verənlər barədə “tam təfsilatlı məlumata malik deyil”.

Turan-ın iclası izləyən müxbirinin məlumatına görə, bu bilgisizlik əsasən regional silahlanma, xüsusilə də İsraillə Azərbaycan arasında az öncə bağlanmış hərbi müqavilənin təyinatı barədə mediada yayılmış məlumatların şərhi zamanı etiraf olunub.

“Biz nəyin baş verdiyini hələ tam dəqiq bilmirik", - deyə diplomat Morninqstar bəyan edib. O, Bu və digər sahələrdə iş aparmaq üçün Bakıda rəhbərliklə “birbaşa və davamlı" təmasların vacibliyini vurğulayıb.

Obama Administrasiyasının Azərbaycanda səfir təyin etmək cəhdləri üç ildir ki, Konqres Komitəsində iflasa uğrayır. 2010-cu ili sonunda Ağ Ev prezidentin müstəsna hüququ olan “tətil təyinatından" istifadə edərək nüfuzlu diplomat Metyu Brayzanı bir il müddətinə Bakıya göndərmişdi, ancaq müddəti başa çatana qədər o,

Konqresdən təyinat ala bilmədiyi üçün geri çağırıldı. Hazırda cənab Brayza ABŞ diplomatiyasından istefa verib və SOCAR-ın payı olduğu türk neft şirkətlərindən birində yüksək vəzifə alıb.

Morninqstara gəldikdə, hələlik Konqres komitəsində onun namizədliyinə açıq şəkildə etiraz edən yoxdur.

Ermənipərəst senator Robert Menendezin dünənki iclasda səfirə ünvanladığı çətin suallara isə diplomat eyni dərəcədə ustalıqla cavab verib.

Azərbaycanın Culfa rayonunda erməni qəbiristanlığının dağıdılması barədə senatorun narahatlığı ilə bağlı Morninqstar “səfir olsam, regiona gedib vəziyyəti araşdırmaq üçün mümkün olan hər şeyi edəcəyəm” vədini verib.

1915-ci il hadisələrini sual altına alıb-almadığı barədə Menendezin ənənəvi sualına isə səfir “yox” cavabını verib. Ancaq bu dialoqda, nə diplomat, nə də senator "soyqırım" ifadəsini işlətməiblər.

Bununla yanaşı, senatorlar Morninqstarın qarşısında insan haqları və cəbhədə atəşkəs pozuntuları kimi narahatlıqları dönə-dönə qaldırıblar.

İclasa sədrlik edən Jeanne Shaheen hakimiyəti Klintonun səfəri ərəfəsində gənc fəalı azad etməklə “başladığı pozitiv tədbirləri" digər müxalifət məhbuslarına qarşı da tezliklə tətbiq etməyə səsləyib.

Öz növbəsində, Menendez prezident Əliyevi ölkədə ermənilərə qarşı nifrət toxumu səpməkdə ittiham edib və ABŞ diplomatlarını bu sahədə işləməyə çağırıb.

Morninqstar öz növbəsində deyib ki, insan haqları və regional sülh “ən vacib prioritetlərdir və hər ikisi də Azərbaycan hakimiyyətinin marağında olmalıdır".

“Biz bu istiqamətdə islahatlar naminə səylərimizi davam etdirəcəyik. Bəzi pozitiv addımlar atılıb, məsələn şəffaflıq sahəsində. Ancaq hər bir məsələyə fərdi yanaşmaq lazımdır. Səfir olsam Bakıda yetkililəri bu sahədə islahatlar üçün həvəsləndirməyə davam edəcəyəm", - o vurğulayıb.

Həmçinin ABŞ-ın Azərbaycanda həyata keçirdiyi demokratiya və vətəndaş cəmiyyətinin inkişafı layihələrinin gücləndirilməsi Morningstarın prioriteti olacaq.

Senatorlar “digər regional həssaslıqlar" fonunda İranı da müzakirəyə çıxarıblar. Morninqstara sual olunub ki, ABŞ enerji lahiyələrində nəyə üstünlük verəcək: Şahdəniz yatağının istifadəsinə, yoxsa konsorsiumda 10 faizlik payı olan İranın təcridinə?

Səfir cavabında bildirib ki, nüvə təhlükəsinə bürünmüş İranla əməkdaşlıq hamı üçün arzuolunmazdır, ancaq Şahdəniz də vacibdir. “Bu yataq Avropanın qaz tələbatının təminində kritik rola malikdir. Biz qazın ixracında TANAP kimi sərfəli və uzunmüddərli layihələri dəstəkləyirik", - o qeyd edib.

Senat komitəsi səsvermə prosesini 48 saat müddətinə açıq saxlamaq qərarına gəlib.

Morninqstar və onunla birlikdə dinlənən daha 2 namizədliyin taleyi Vaşinqton vaxtı ilə sabah günorta məlum olacaq. Komitədə təsdiqlənsə, Morninqstarın məsələsinə Senatın ümumi yığınağında baxılacaq.

Dünənki dinləmədə nüfuzlu senatorlar Richard Luqar və John Kerry Morninqstarın müdafiəsinə qalxıblar.

Geri qayıt