Əsas Səhifə > Partiya > İSLAM PARTİYASI ADINI DƏYİŞİR

İSLAM PARTİYASI ADINI DƏYİŞİR


18-06-2012, 15:43
İSLAM PARTİYASI ADINI DƏYİŞİR

BİLDİRLƏNƏ GÖRƏ, BU ADDIM QEYDİYYATLA BAĞLI ATILIR

“Azərbaycan İslam Partiyası dövlət qeydiyyatına alınması, fəaliyyətinin rəsmiləşdirilməsi məqsədilə yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan qurultayında ad məsələsini də müzakirəyə çıxaracaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli deyib. A. Heydərli bildirib ki, partiya 20 ildir fəaliyyət göstərir. Partiya 1992-ci ilin sentyabrından 1995-ci ilin iyul ayına kimi rəsmi qeydiyyatda olub: “Siyasi partiyaların təkrar qeydiyyata alınması zamanı isə məlum olmayan səbəblərdən qeydiyyata alınmayıb. Buna baxmayaraq, İslam Partiyasının siyasi fəaliyyətinə indiyə kimi heç bir qadağa qoyulmayıb, hətta islamçılar “Azərbaycançı Qüvvələr” siyasi partiyalar blokunun tərkibində parlament və prezident seçkilərində namizədləri ilə iştirak ediblər. Azərbaycan cəmiyyətində və beynəlxalq aləmdə partiyanı eyni zamanda inadkarlıqda və hətta dövlətlə savaşda, bəzi hallarda perspektivsizlikdə tənqid edənlər az deyil. Şübhəsiz ki, bütün bu münasibətlərdən nəticə çıxarmağa laqeyd yanaşa bilmərik. Bir partiyaya qarşı təqiblərin aradan qaldırılmasında davamlı sivil mübarizə metodlarından, beynəlxalq təşkilatların dəstəyini almaqdan ötrü mümkün vasitələrdən səmərəli şəkildə istifadə etməyi düşünürük”.

Partiya funksioneri qeyd edib ki, partiyanın hazırkı icra strukturu üzvlərinin üzərinə düşən ən böyük məsuliyyət partiyanın ölkənin siyasi həyatında leqal fəaliyyətini davam etdirmək etimadını doğrultmaqdır: “Əks təqdirdə Azərbaycan İslam Partiyasının sosial bazasından qeyri-sağlam qüvvələrin yararlanacağı kimi neqativ halların baş verməsi, qeyri-leqal fəaliyyət növünün gündəmə gəlməsi gözləniləndir. Qurultayın keçirilmə tarixi hələlik müəyyənləşməsə də, bunun payız aylarına təsadüf edəcəyi gözlənilir. Prinsip etibarı ilə əsas məsələ qurultaydan dərhal sonra partiyanın sənədlərinin qanunun tələblərinə uyğun olaraq rəsmi qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunmasıdır. Bunun qurum üçün mühüm əhəmiyyəti var”.

O, partiyanın adında dəyişikliyin edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Partiyamızın adı ilə bağlı məsələ tez-tez gündəmə gəlir. Partiya üzvlərinin arzu və təkliflərini bu məsələdə də nəzərə alacaq, əlbəttə, partiyanın əsas xəttinə, konstitusion hüquqlarımıza uyğun olaraq zəruri və optimal qərar qəbul edəcəyik”.


Geri qayıt