Əsas Səhifə > Dünya > “QIZIL XAÇ”IN PREZİDENTİ DƏYİŞDİ

“QIZIL XAÇ”IN PREZİDENTİ DƏYİŞDİ


20-10-2011, 15:27
“QIZIL XAÇ”IN PREZİDENTİ DƏYİŞDİ

ƏVVƏLKİ RƏHBƏRİN TƏQAÜD YAŞI ÇATIBMIŞ

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Assambleyasının oktyabrın 17-də baş tutan iclasında təşkilatın rəhbər orqanı Piter Maureri BQXK-nın prezidenti təyin edib.

BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, P. Maurer bu vəzifədə 2000-ci ildən bəri BQXK-nın prezidenti olan Yakob Kellenberqeri əvəz edəcək.

Y. Kellenberqer üçüncü prezidentlik müddətinin başa çatmasından sonra təqaüdə çıxmaq istədiyini bildirib. Yeni prezident səlahiyyətlərinin icrasına 1 iyul 2012-ci ildən başlayacaq və bu vəzifədə 4 il işləyəcək. Daha sonra prezidentlik müddəti uzadıla da bilər.

P. Maurer 2010-cu ilin yanvarından etibarən İsveçrənin Xarici İşlər üzrə Dövlət Katibi vəzifəsini icra edir. Bu vəzifədə o, İsveçrə diplomatik xidmətinin Berndəki baş qərargahının işini, eləcə də ölkənin bütün dünyadakı təxminən 150 səfirlik və diplomatik nümayəndəliklərinin fəaliyyətini əlaqələndirir.

Y. Kellenberqer 1 yanvar 2000-ci il tarixdən BQXK-nın prezidentidir və bu vəzifədə 30 iyun 2012-ci ilə qədər çalışacaq. Onun prezident kimi fəaliyyətə başladığı dövr ərzində silahlı münaqişələrin xarakteri kəskin şəkildə dəyişib, BQXK öz fəaliyyətini baş verən dəyişikliklərə uyğunlaşdırmalı olub.

Y. Kellenberqerin prezidentliyi dövründə, BQXK silahlı münaqişə və daxili zorakılıq qurbanlarına daha effektiv humanitar yardım göstərmək üçün fəaliyyətinin miqyasını və coğrafi əhatə dairəsini genişləndirib. Bundan əlavə, həm baş qərargahda, həm də yerlərdə BQXK sıralarına müxtəlif ölkələrdən olan mütəxəssislər cəlb edilib.

Bu, humanitar əməliyyatların həyata keçirilməsini sürətləndirməyə, yerinə yetirilən işin peşəkarlıq səviyyəsini yüksəltməyə və ən mürəkkəb şəraitlərdə humanitar əməliyyatların effektivliyini təmin etməyə imkan yaradıb.

Qeyd edək ki, Piter Maurer 1956-cı ildə İsveçrənin Tun şəhərində doğulub. O, Berndə tarix və beynəlxalq hüquq üzrə təhsil almış və elmlər doktoru elmi dərəcəsinə yiyələnib. 1987-ci ildə cənab Maurer İsveçrənin diplomatik xidmətində işə qəbul olunub və həmin vaxtdan bəri Berndə və Pretoriyada müxtəlif vəzifələrdə çalışıb. 1996-cı ildə o, Nyu-Yorka missiyaya göndərilib və İsveçrənin BMT yanındakı missiyasının Daimi Müşahidəçisinin müavini vəzifəsini icra edib. 2000-ci ildə Maurer səfir statusu alıb və İsveçrənin Berndəki Xarici İşlər üzrə Federal Departamentində Humanitar təhlükəsizlik idarəsinə rəhbərlik edib.

2004-cü ildə Maurer Nyu-Yorkda İsveçrənin BMT yanında səfiri və daimi nümayəndəsi təyin edilib. Bu vəzifədə olduğu müddət ərzində o, BMT-yə yeni qəbul olunmuş İsveçrənin beynəlxalq təşkilatlar şəbəkəsinə inteqrasiya olunması üçün bütün mümkün səyləri göstərib. 2009-cu ildə Baş Assambleya P. Maureri BMT-nin inzibati və büdcə məsələləri üzrə Beşinci Komitəsinin sədri seçib. Bundan əlavə o, BMT sülhməramlı Komissiyasının Burundi üzrə konfiqurasiyasının sədri seçilib. 2010-cu ilin yanvar ayında P. Maurer hazırkı vəzifəsinə - İsveçrənin Xarici İşlər üzrə Dövlət Katibi vəzifəsinə təyin edilib.

Evlidir. İki övladı var.


Geri qayıt