Əsas Səhifə > Sosial, Manşet > ƏSGƏR ATASI ÖLKƏ BAŞIÇINDAN KÖMƏK İSTƏYİR
ƏSGƏR ATASI ÖLKƏ BAŞIÇINDAN KÖMƏK İSTƏYİR20-06-2012, 11:37 |
BAŞ KLİNİK HOSPİTALIN HƏKİMLƏRİ BİR ƏSGƏRİN ÖLÜMÜNƏ NƏDƏN OLUBLAR DİA.AZ: - 1957-ci ildə Zəngilan rayonunun Dəlləkli kəndində anadan olmuş, hazırda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 17, mənzil 28 ünvanında məcburi köçkün həyatı yaşayan İbrahimov Malik Nəsir oğlu ölkə başçısı İlham Əliyev cənablarına müraciət ünvanlayıb. DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir: “Cənab Prezident! Oğlum İbrahimov Araz 16 yanvar 1994-cü ildə anadan olmuşdur. Orta təhsilini Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 298 saylı orta məktəbdə almışıdır. Oğlum Araz uşaq yaşlarından hərbi xidmətə göndərildiyi vaxtadək heç bir ağır xəstəlikdən əziyyət çəkməyib, heç bir tibb müəssisələrində stasionar müalicədə olmamışdır, sağlam uşaq idi. Namaz qılmaqla ibadət edirdi, spirtli içki qəbul etmirdi, digər zərərli vərdişləri olmamışdır. Oğlum Araz 20 yanvar 2012-ci il tarixdə Zəngilan hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və xidmətini davam etdirmək üçün Beyləqan rayonunda yerləşən 181 saylı hərbi hissəyə göndərilmişdir. Araz 181 saylı hərbi hissəyə göndərildikdən sonra 3 ay həmin hərbi hissənin gənc əsgərlər taborunda xidmətdə olmuşdur. 2012-ci ilin aprel ayının 2-də isə həmin hərbi hissənin Beyləqan rayonunun Harami Düzü adlandırılan ərazisində yerləşən 1-ci taboruna göndərilmişdir. Oğlumla görüşəndə və telefon söhbətlərində o, heç vaxt səhhəti ilə bağlı şikayət etməyib. Bu hal 03 may 2012-ci il tarixədək, yəni Araz Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gəldiyi günədək davam edib. 03 may 2012-ci il tarixdə Araz mənim telefonuma zəng vuraraq bildirdi ki, səhhətində problem olduğuna görə onu SQ Baş Klinik Hospitalına gətirirlər. Elə həmin gün ailə üzvlərimlə birgə Klinik Hospitalda gəldik. Araz artıq nevrologiya şöbəsinə yerləşdirilmişdi. Hospitalın həyətində oğlumla söhbət edərkən o bildirdi ki, 29 aprel 2012-ci il tarixədək səhhətində heç bir problem olmayıb. 29 aprel tarixdə baş gicəllənməsi olub. Arazın müalicə həkimləri Elxan və Könül xanım olub. 03 may tarixdən 20 may tarixədək Arazın yanında olmuşuq, oğlum səhhəti ilə bağlı heç bir şikayət etməyib. Həkimlər də müalicənin normal getdiyini bildiriblər. Ancaq son 2-3 gündə həkimlərin verdiyi səhv dərmanlardan oğlumun vəziyyəti kəskin şəkildə pisləşdi. Həkimlər isə oğluma etinasız yanaşaraq ona yardım etmədilər. Bu səbəbdən də oğlum Araz 24 may 2012-ci il tarixdə dünyasını dəyişdi. Cənab Prezident! Əgər mənim oğlum ermənilərlə döyüşdə şəhid olsaydı, yaxud Harami Düzündə dünyasını dəyişsəydi mənə və ailəmizə bu qədər təsir etməzdi. Axı, dövlətin hər cürə müasir tibb avadanlıqlarla təmin etdiyi, Baş Klinik Hospitalda əsgərin belə səhlənkarlıq ucbatından vəfat etməsi əslində cinayətdir. Cənab Prezident! Mən hesab edirəm ki, mənim oğlum həkimlərin düzgün müalicə aparmaması, konkret desək, həkimlərin cinayətkarlığı səbəbindən dünyasını dəyişib. Sizdən xahiş edirəm ki, cinayətkarların cəzalandırılması üçün kömək edin. Bu digər həkimlərə də dərs olar. Mən artıq öz balamı itirmişəm, heç olmasa başqa oğullarımız belə həkimlərin qurbanına çevrilməsin”. Geri qayıt |