Əsas Səhifə > Güney Press, Araşdırma > «SƏHLİYALI» ŞİRKƏTİNİN BÖYÜK YALANLARI
«SƏHLİYALI» ŞİRKƏTİNİN BÖYÜK YALANLARI20-06-2012, 12:51 |
VƏTƏNDAŞLARIN HƏYATI NECƏ TƏHLÜKƏ ALTINA ATILIR? 1996-cı ildən fəaliyyət göstərən “Səhliyalı” kiçik-müəssisəsinin məhsulları nədənsə digərlərinə nisbətən daha çox reklam olunur. Təbii ki, bu, şirkət rəhbərliyinin şəxsi seçimi və bazarda liderlik uğrunda mübarizəsinin bariz göstəricisidir. Reklam roliklərində qeyd olunur ki, “Səhliyalı” firması bu gün müasir, stabil, satış bazarında məşhur müəssisədir və o, aktiv inkişaf edərək, öz məhsullarının keyfiyyətinə zəmanət verir. Bildirilir ki, “Səhliyalı”nın əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. Və istehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyətilə razı salır. Bax, bu, nədənsə o qədər də inandırıcı görünmür. Bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Hələlik məlumatı olmayanların nəzərinə çatdıraq ki, “Səhliyalı” müəssisəsi bir ailə firmasıdır. Belə ki, dörd qardaş ailə ənənəsini yaşatmaq üçün idarə etdikləri müəssisəyə babalarının adını veriblər. Məhsulların üzərində əks olunan “BS” loqotipinin açılışı isə belədir: Bəşir – ata, Səhliyalı – baba adıdır… Hələ iki il öncə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı monitorinq zamanı “Səhliyalı” kiçik müəssisəsinin istehsalı olan yağın keyfiyyətinin etiket göstəricilərinə uyğun olmadığını aşkarlanmışdı. Qeyd edək ki, həmin vaxt aparılan monitorinqlər zamanı Xırdalan şəhərində yerləşən müəssisədə məhsulun etiketinə əsasən, tərkibində kərə yağının miqdarı 52,5 faiz təşkil etdiyin halda, laborator müayinə zamanı bu məhsulun tərkibində ümumiyyətlə, kərə yağı aşkar edilməmişdi. Bundan başqa, qüvvədə olan normativ sənədlərə əsasən, bu yağ “qarışıq kərə yağı” kimi etiketlənməli olduğu halda, müəssisə tərəfindən məhsulun üzərində iri formatda “HALAL KƏRƏ YAĞI”, kiçik həflərlə isə “qarışıq” sözü yazılmaqla, istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi. İlkin araşdırmalar zamanı həmçinin, müəssisədə istehsal edilən “BS” əmtəə nişanlı əla növ bişmiş “Südlü”, “Doktorskaya” və “Lyubitelskaya” kolbasalarının və əla növ “Manqalüstü” sosiskanın, yağlılığı 1,4 faiz olan ayranların, 15 faiz və 25 faiz yağlılıqlı xamaların, “Səhliyalı” brınza pendirlərinin etiketlərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı əla növ “Ovçu”, “BS” əmtəə nişanlı əla növ “Doktorskaya” kolbasalarının müvafiq resepturalar olmadan istehsal edildiyi müəyyən olunmuşdu. Ötən il isə bir daha “Halal nemət, min bərəkət” ticarət nişanı ilə kolbasalar istehsal edən “Səhliyalı” müəssisəsinin saxta məhsullar buraxdığı aşkarlandı. Belə ki, məhsulların üzərində “Qafqaz Müsəlmanları İdarəsi təminat verir” ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edib. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında “Səhliyalı”nın adı yoxdur. O zaman qeyd olunurdu ki, kolbasa üçün məhsullar hansısa ərəb ölkələrindən gətirilən dondurulmuş naməlum heyvan ətindən hazırlanır. Odur ki, çəkilmiş ətə – farşa müxtəlif ədviyyatlar qatılır ki, donmuş ətin üfunəti hiss olunmasın. Təbii ki, bütün bunlar “Səhliyalı”nın məhsullarının halal olması barədə təsəvvürləri alt-üst etməyə yetər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun bir müddət öncə məsələ ilə bağlı verdiyi açıqlamadan da aydın olur ki, “Səhliyalı”nın istehsal etdiyi məhsullar heç də deyildiyi kimi halal-filan deyil. Beləliklə, komitə sədrinin sözlərindən məlum olur ki, bəzi ərzaq mallarının üzərində “Halal” sözünün yazılması məhsulun şəriət qaydalarına uyğun istehsal edilməsi demək deyil: “Bu tipli ticarət nişanları heç bir mahiyyət daşımır. Çünki Azərbaycanda hələlik halal standartları müəyyən edilməyib”. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da dəfələrlə “Halal” nişanı altında satılan malların halal olmadığını təsdiqləyib: “Azərbaycanda “Halal” nişanı ilə buraxılan mallarla xalqı aldadırlar. Ölkəmizdə “Halal” adı ilə bir firma mal buraxır ki, onun yalnız adı belədir, məhsul heç də halal deyil. Halal məhsul odur ki, onun xammalından tutmuş, istehlakçının masasına gələn məhsula qədər hazırlanmasında dini qaydalara əməl edilsin. Çox yaxşı olar ki, halal mallara dini qurumlar sertifikat versin və hazırlanma mexanizminə nəzarət olsun. Hər bir halal mal bir anda halallığını itirə bilər, ona görə də istehlakçılar satışdakı mallara ümid etməsinlər”. Bütün bunlardan sonra “Səhliyalı” müəssisəsinin məhsullarına etibar edib-etməmək barədə özünüz qərar verin. Ancaq unutmayın ki, yuxarıda qeyd olunanlar ağız söhbəti yox, rəsmi qurumların mövqeyidir. Odur ki, sizlərə “Səhliyalı”nın məhsullarından istifadə edərkən diqqətli olmağı məsləhət görərdik. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. / gundeminfo / Geri qayıt |