Əsas Səhifə > Partiya > PA RƏSMİSİ MÜSAVATLA ZARAFAT EDİB?
PA RƏSMİSİ MÜSAVATLA ZARAFAT EDİB?20-06-2012, 12:55 |
“ƏLİ HƏSƏNOV “KRİSTAL ZAL”I SÖZGƏLİŞİ DEYİB” Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı Müsavat Partiyasının qalmaqallı qurultayı ilə bağlı səslənən fikirlər haqda Modern.az-a açıqlama verib. M.Qurbanlı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Müsavat Partiyasına qurultay üçün “Bakı Kristal Zalı”nın verilməsinin mümkünlüyünü belə şərh edib: “Əli Həsənov bununla bağlı çox gözəl münasibət bildirib. Qeyd edim ki, Əli Həsənov “Bakı Kristal Zal”nın adını çəkərkən sözgəlişi deyib ki, istəsələr onu da verərik. Yəni, pulunu ödəsinlər, sonra qurultaylarını keçirsinlər. Qurultay keçirmək üçün o qədər yer var ki. Kim onlara mane olur? Heç kim. Yerdən çox yer var. Sadəcə olaraq, onların məqsədləri tam başqa olduğundan yalandan müxtəlif informasiyalar yayırlar”. M.Qurbanlının sözlərinə görə, Müsavat qurultayın Gürcüstanda keçirilməsi məsələsini özünə siyasi imic qazanmaq üçün ortaya atıb. “Bu Müsavatın piar kampaniyasıdır. Onlar qurultay adı altında özlərinə xal qazanmaq istəyirlər. Mən dəfələrlə demişəm, Azərbaycanda onların qurultay keçirməsilə bağlı heç bir problem yoxdur. Onlar müraciət etsələr, müvafiq yerlərdə qurultay keçirmək üçün icazə veriləcək. Hazırda isə Müsavat Partiyası qurultay məsələsi ətrafında xal qazanmaq, imicini möhkəmləndirmək istəyir. Suyun üstündə qalmağa çalışırlar. Onlar əlbəttə, siyasi imic qazana bilməyəcəklər. Yalandan bəhanə gətirirlər, guya qurultayı Gürcüstanda keçirmək istəyirlər, gedin keçirin. Gülməlidir, buradan ora nümayəndələri daşıyıb aparacaqlar? Onlar qurultayı Gürcüstanda keçirsələr, heç kim Azərbaycana pis baxmayacaq. Hay-küy salmaq onların ənənəsidir. Sadəcə onu deyim ki, necə istəyirlər, elə də etsinlər”. Qeyd edək ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Müsavat Partiyasına qurultay keçirmək üçün icarə əsasında “Bakı Krislat Zalı”nın verilə biləcəyini bildirib. Müsavat başqanı İsa Qəmbər isə Əli Həsənovun fikirlərini o qədər də real saymayaraq, bu haqda müzakirə aparıla biləcəyini vurğulayıb. Xatırladaq ki, Müsavat funksionerləri son günlər mətbuata açıqlamalarında qurultayın Azərbaycanda keçirilməyəcəyini bəyan ediblər. Geri qayıt |