Əsas Səhifə > Siyasət, Manşet > İRAN AZƏRBAYCANI HƏDƏLƏYİR

İRAN AZƏRBAYCANI HƏDƏLƏYİR


21-10-2011, 12:20
İRAN AZƏRBAYCANI HƏDƏLƏYİR

SƏRHƏDDƏ VURULAN ŞƏXS ETTEALAT-IN ZABİTİ OLUB

DİA.AZ: - İranın Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovu nazirliyə çağıraraq sərhəddə baş vermiş silahlı insidentlə bağlı etiraz notasını ona təqdim edib. Bu barədə İran Dövlət Televiziyasının rəsmi saytı iribnews-da məlumat verilir.

İran XİN etiraz notasında bildirib ki, Azərbaycan sərhədçilərinin bu hərəkəti beynəlxalq qanunlara, ikitərəfli razılaşmalara, qonşuluq münasibətlərinə ziddir.

Azərbaycan hökumətindən hadisəni törədənlərin cəzalandırılması istənilib.

Səfir Axundov hadisədən təəssüfləndiyini və notanın qarşı tərəfə çatdırılacağını bildirib.

Azərbaycanın İranla sərhədini pozduğu üçün sərhədçilər tərəfindən açılan atəş nəticəsində İran vətəndaşı dünyasını dəyişib.

Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə, oktyabrın 19-u saat 14:00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının İran İslam Respublikası ilə dövlət sərhədinin pozulması müşahidə edilib.

Bunun qarşısının alınması məqsədi ilə əraziyə əlavə sərhəd naryadları çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub.

Baş vermiş hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb.

Bu barədə “Dünya” İnformasiya Agentliyinə daxil olan məlumatda isə bildirilir ki, qətlə yetirilmiş iranlı mülki şəxs olmayıb. Mənbəyə görə, Hüseyn Karapur adlı şəxs İranın xüsusi xidmət orqanlarının zabiti olub və onun Azərbaycan sərhəddini bu şəkildə keçişinin nədənləri məlum deyil.


Geri qayıt