Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ KƏRİMLİNİN QOHUMU HƏBSDƏ QALDI
ƏLİ KƏRİMLİNİN QOHUMU HƏBSDƏ QALDI23-06-2012, 11:29 |
YENİ VƏSATƏTLƏR VERİLDİ Bakı Apellyasiya Məhkəməsi “Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovu azadlığa buraxmaqdan imtina edib. Vəkil Fəxrəddin Mehdiyev “Media forum” saytına bildirib ki, iyunun 22-də hakim Əmir Bayramovun sədrliyi ilə Səbail Rayon Məhkəməsinin Elnur Seyidovun həbs müddətinin üç ay uzadılması qərarından şikayətə baxılıb. Prosesə Elnur Seyidovun özünü də gətiriblər. O, çıxışında deyib ki, heç bir cinayət törətməyib, özünü günahkar saymır, irəli sürülən ittihamlar əsassızdır. Vəkil Fəxrəddin Mehdiyev isə bildirib ki, Səbail məhkəməsinin qərarı əsassızdır, Elnur Seyidovun cinayət törətməsinə dair heç bir sübut yoxdur: “Elnur Seyidov qanunsuz olaraq həbsdə saxlanır. Səbail Rayon Məhkəməsinin onun barəsində seçilən həbs qətimkan tədbirinin üç ay uzadılması haqda qərarı da qanunsuzdur. Qərar ləğv olunmalı, Elnur Seyidov azadlığa buraxılmalıdır”. Prokuror Tahir Vəliyev isə söyləyib ki, “Texnikabank”da aparılan yoxlamalar hələ başa çatmayıb, yoxlamalar davam etdiyinə görə Elnur Seyidovu azadlığa buraxmaq olmaz. Vəkil Fəxrəddin Mehdiyev bu iddianı əsassız saydığını deyib: “Əvvəla, bizdə olan məlumata görə, “Texnikabank”ın Yasamal filialında yoxlamalar başa çatıb. Amma Elnur Seyidovun hər hansı qanunsuz əməli aşkar olunmayıb, onun qanunu pozduğuna dair hər hansı sübut tapılmayıb. İkincisi, “Texnikabank”da, yaxud da bankın hansısa filialında yoxlama gedirsə, buna görə Elnur Seyidov həbsdə saxlanmalıdır?”. Hakim qısa müşavirəyə gedib və qayıdanda şikayətin təmin olunmadığını elan edib. Vəkil Əsəbəli Mustafayev “Media forum” saytına açıqlamasında deyib ki, Elnur Seyidovun istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinə yeni vəsatətlər veriblər. Onun sözlərinə görə, birinci vəsatət Elnur Seyidovla bağlı aparılan tibbi ekspertiza haqdadır: “Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Amma tibbi ekspertiza başqa rəy verib. Biz bu ekspertizanı keçirən həkimlərin peşəkarlığına və obyektivliyinə şübhə ilə yanaşırıq. Çünki rəydə üç həkimdən ikisinin ixtisası göstərilməyib, onlar haqda məlumat yoxdur. Həkimlərdən birinin sinir xəstəliyi mütəxəssisi olduğu göstərilib. Amma bu, çox geniş sahədir, həmin həkimin dağınıq skleroz xəstəliyi sahəsində biliyinin olub-olmadığı haqda məlumat yoxdur. Biz istəyirik ki, həkimlərlə bağlı məlumatlar bizə təqdim olunsun”. Vəkil bildirib ki, rəydə ekspertizanın hansı elmi metodlar və tədqiqat vasitələri ilə aparıldığı göstərilməyib: “Hansı diaqnostik avadanlıqlardan istifadə olunduğu da məlum deyil. Ekspertiza MTN-də aparılıb. Orada müvafiq avadanlıqların olub-olmadığı məlum deyil. Biz MTN-də, bu qurumun tibb bölməsində dağınıq skleroz xəstəliyini müəyyən edən avadanlığın olmasına şübhə edirik. Ekspertizanın materiallarını tələb edirik. Mütəxəssislərə alternativ ekspertiza keçirtdirəcəyik. Ekspertizanı keçirən həkimlərin dindirilməsini istəyirik. Dindirmədə vəkillər də iştirak etməlidir”. Xəstəliyi şiddətləndiyinə görə vəkillər Elnur Seyidovun xəstəxanaya köçürülməsi haqda da vəsatət veriblər: “Əsas vəsatətimiz isə cinayət işinə xitam verilməsi, Elnur Seyidovun azadlığa buraxılması haqdadır. Çünki onun əməlində hər hansı qanun pozuntusuna dair sübut əldə olunmayıb. Belə sübut olsaydı, rəsmi sənəddə əksini tapardı”. Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, MTN-in təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur. İyunun 19-da Səbail Rayon Məhkəməsi Elnur Seyidov barədə seçilən həbs-qətimkan tədbirinin müddətini üç ay uzadıb. O, sentyabrın 6-dək həbsdə qalacaq. Geri qayıt |