Əsas Səhifə > Dünya > QƏDDAFİNİN MİLYARDLARI HARDADIR?
QƏDDAFİNİN MİLYARDLARI HARDADIR?23-06-2012, 13:33 |
YENİ LİVİYA HÖKUMƏTİ HƏMİN VARİDATIN İZİNƏ DÜŞƏ BİLMİR On illərdir var-dövlət yığan diktatorlar və onların yaxın ətrafı yığdıqlarını gizlətməkdə də ustalaşıblar. Onların pullarının yerini tapmaq elə də asan olmur. Liviyalı müfəttişlər İsveçrə banklarında «dondurulmamış» on milyardlarla dolların olduğunu bildirirlər. Bu pulların da hamısı Liviya neftindən oğurlanıb şübhə doğurmayan adamların adına qoyulubmuş. Tunis və Misirdə də yeni hökumət xarici ölkələrdə on milyardlarla dollar dəyərində olan evlərin, yaxtaların və bank hesablarının izinə düşüb. Ancaq onlar həmin pulları qaytarmaqda çətinliklərlə üzləşdiklərini deyirlər. Liviyadan oğurlanmış neft pullarına xarici ortaqlıqlarla hüquqi don geyindirilib. Bu baxımdan da bunların qanunsuz olduğunu sübut etmək çətin olur. Bəzi hallarda isə həmin pulların yerini bilənlərin həyatı üçün təhlükə yaranır. ÇAYDA MEYİTİ TAPILDI Keçən il ölkədən qaçan Liviyanın keçmiş Neft naziri Shukru Ghanem'in aprelin 29-u Vyanada, Tuna çayında meyiti tapılıb. Keçmiş nazir mühakimə olunmaması əvəzində bildiklərini Liviyanın yeni hökumətinə açmaq istəyirmiş. Qaddafi'nin başqa bir sirdaşı olan Bashir Salih isə keçən il tutulub qaçandan sonra Fransada görünmüşdü. Liviya hakimiyyət orqanları deyir ki, o, Qaddafi'nin Afrikadakı 7 milyard dollarlıq sərmayəsinin yerini bilirmiş. Liviya hakimiyyəti inanır ki, onun Qaddafi ilə Fransanın keçmiş prezidenti Nicolas Sarkozy arasındakı gizli sövdələşmə haqqında məlumatı var. Sarkozy isə Qaddafi’dən pul alması iddialarını rədd edir. İndi isə Bashir Salih’in harada olması məlum deyil. Üstəlik, bu vaxta qədər «gizli var-dövlət»dən az qala heç nə geri qaytarılmayıb. Ancaq istisnalar da var. Məsələn, Londonda Qaddafi'nin Nigerdə yaşayan oğlu Sadi Qaddafi'yə məxsus 15 milyon dollarlıq mülkü martda geri alınıb. PULLARIN BÖYÜK HİSSƏSİ 5-6 ÖLKƏDƏDİR Tunisin keçmiş diktatoru Zine El Abidine Ben Ali'nin isə Fransa və İsveçrədəki 30 milyon dollar dəyərində olan iki təyyarəsi keçən il Tunis hökumətinə qaytarılıb. Bir çox müfəttişlər və hüquqşünaslar isə düşünür ki, diktatorların pullarının böyük bir hissəsi 5-6 ölkədədir. Tunisin yeni hökumətini təmsil edən isveçrəli hüquqşünas Enrico Monfrini deyir ki, Bin Ali'nin İsveçrə banklarındakı 70 milyon dollarının qaytarılması üçün çalışırlar. Korrupsiyaya qarşı «Global Witness» təşkilatından Robert Palmer isə deyir ki, bu pulları qaytarmaq asan deyil: «Əvvəlcə həmin pulların yerini tapmaq lazımdır. Sonra kimə aid olduğunu, necə əldə olunduğunu sübut etmək lazımdır». Bu pulların qaytarılması gecikdikcə, yeni hökumətlərlə Qərb ölkələri arasında gərginliklər də artır. / Azadlıq Radiosu / Geri qayıt |