Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCANLI DEPUTAT AŞPA ÜZVLƏRİNƏ ÇAĞIRIŞ EDİB

AZƏRBAYCANLI DEPUTAT AŞPA ÜZVLƏRİNƏ ÇAĞIRIŞ EDİB


26-06-2012, 14:29
AZƏRBAYCANLI DEPUTAT AŞPA ÜZVLƏRİNƏ ÇAĞIRIŞ EDİB

“AYIQ OLUN!”

Avropa Şurası Parlament Assambleyasının 25 iyun iclasında çıxış edən Azərbaycan nümayənədə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın son aylarda mütəmadi olaraq atəşkəs rejimini pozduğunu deyib: “Azərbaycan ərazilərinin 20 faizini bir sıra xarici qüvvələrin köməyi ilə zəbt edən və 20 ilə yaxın bir müddətdə bu əraziləri nəzarətdə saxlayan Ermənistan son aylarda intensiv şəkildə atəşkəs rejimini pozmağa başlayıb. Dağlıq Qarabağ problemini danışıqlar vasitəsilə həll etmək işğalçı Ermənistanın, o cümlədən işğala məruz qalmış Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü əsas öhdəliklərindən biridir. Ermənistanın atəşkəs rejimini sistemli şəkildə pozması və gizlətmədiyi müharibə niyyətləri bu dövlətin problemi sülh yolu, diplomatik vasitələrlə həll etmək fikrindən uzaq olduğunu bir daha aşkar nümayiş etdirməkdədir.

Bu nəticəyə gəlməyə əsas verən digər amil isə ondan ibarətdir ki, Ermənistan Avropa Şurası Bürosunun qərarı ilə yaradılmış Dağlıq Qarabağ üzrə müvəqqəti komitənin fəaliyyətini mütəmadi olaraq pozmaqdadır. İndiki vəziyyətdə genişmiqyaslı müharibənin başlanması son dərəcə real görünməkdədir. Ermənistan niyə inadla müharibəyə can atır? Bunu 2 səbəblə izah etmək mümkündür. Ölkə hazırda elə bir iqtisadi və siyasi fəlakət vəziyyətindədir və əhalinin narazılığı də elə yüksək həddə çatıb ki, çıxılmaz vəziyyət yaranıb. Yalnız işğal etdiyi qonşusuna deyil, öz xalqına da düşmən kimi yanaşan Ermənistan rəhbərliyi bu halda diqqəti ölkədaxili problemlərdən yayındırmaq üçün bütün imkanlardan istifadə etməyə hazırdır”.

AzərTAcın məlumatına görə, Rafael Hüseynov deyib ki, Ermənistan yenə ümidini xarici qüvvələrə bağlayıb: “Bu ölkə, demək olar ki, formal müstəqil dövlət sayıla bilər. Ölkə ərazisindəki xarici hərbi bazaların miqdarına görə Ermənistanı Avropa Şurası üzvü olan heç bir dövlətlə müqayisə etmək mümkün deyil. Kənar qüvvələrin iki ölkə arasında münaqişəyə qatılması isə müharibənin ağlasığmaz faciəli miqyaslar almasına, zəncirvarı reaksiya ilə hərbi əməliyyatların nəhəng coğrafiyanı əhatə etməsinə gətirib çıxara bilər. Qaynama həddinə yetişən su mütləq daşmalıdır. Hadisələrin son aylardakı axarı, Ermənistan günbəgün şiddətlənən təhrikedici əməlləri isə açıqca söyləyir ki, qəfil qaynama anı uzaqda deyil. O an yetişəndən sonra isə əhatə dairəsi çox iri ola biləcək faciələrin qarşısını almaq mümkünsüzləşəcək. Ona görə də nə qədər ki, həmin qaynama anı, partlayış məqamı yetişməyibdir, təcili və təxirsiz addımlar atılmalıdır.

Avropa Şurasında, elə bu sessiyadaca, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə çərçivəsində müzakirələri təşkil edilməlidir. Avropa Şurası Parlament Assambleyası, Nazirlər Komitəsi bütün səlahiyyətlərindən və təsir imkanlarından yararlanaraq atəşkəs rejiminin pozulması hallarının qabağının dərhal alınmasını tələb etməlidir.

Bu müharibə nə erməni, nə Azərbaycan xalqına, nə regiona, nə demokratik Avropaya lazımdır. Bəs kimə lazımdır? Bu sualın cavabı ətrafında düşünək və bunu da bircə an belə unutmayaq ki, böyük müharibə təhlükəsi artıq son dərəcə realdır! Ayıq olun!” / mediaforum /


Geri qayıt