Əsas Səhifə > Güney Press, Araşdırma > SƏMƏD SEYİDOVUN ƏCAİB ŞƏRHİ
SƏMƏD SEYİDOVUN ƏCAİB ŞƏRHİ26-06-2012, 14:40 |
“MƏRUZƏ AZƏRBAYCAN ÜZRƏ DEYİL, ÜMUMİLİKDƏ HAZIRLANIB” Bu gün Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsi alman deputat Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini təqdir edib. Komitənin iclası mətbuat üçün qapalı olub. Odur ki, təfərrüatları hələlik məlum deyil. Eyni zamanda AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Turan-ın müxbirinə bildirib ki, qətnamə layihəsi 26 səs “lehinə”, 22 səs “əleyhinə” qəbul edilib və baxılmaq üçün AŞPA-nın payız sessiyasına çıxarılacaq. S.Seyidovun sözlərinə görə, məruzə “Azərbaycan üzrə deyil, ümumilikdə siyasi məhbuslar problemi üzrə hazırlanıb”. Eyni zamanda o qeyd edib ki, azərbaycanlı deputatlar sənədin əleyhinə səs veriblər. S.Seyidov məşğul olduğunu əsas gətirərək məruzə onlara aid deyilsə, nə üçün azərbaycanlıların sənədin “əleyhinə” səs verdiklərinə aydınlıq gətirməyib. AŞPA-dakı məlumatlı mənbə Turan-a bildirib ki, diskussiya kəskin xarakter daşıyıb və konkret olaraq Azərbaycanla bağlı məsələləri əhatə edib. Azərbaycandan olan 30 hökumətyönlü QHT-nin bəyanatı iclas iştirakçıları arasında yayılıb. Bəyanatda Ştrasserin məruzəsinin qeyri-obyektiv xarakter daşıdığı qeyd olunub. Belə ki, o, Azərbaycana gəlmədən sənədi hazırlayıb. Lakin bu QHT-lərin sənədi qeyri-obyektiv hesab etməsinin səbəbi məlum deyil. Ştrasser bu gün saat 15.30-da mətbuat konfransı keçirəcək. Qeyd edək ki, o 2009-cu ildə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib. Lakin Azərbaycan hakimiyyəti bu illər ərzində siyasi məhbus termininin dəqiq təyininin olmadığını deyərək onu ölkəyə buraxmayıb. Geri qayıt |