Əsas Səhifə > Sosial, Manşet > QAZAXDA TƏCİLİ TİBBİ YARDIM PROBLEMİ

QAZAXDA TƏCİLİ TİBBİ YARDIM PROBLEMİ


28-06-2012, 12:20
QAZAXDA TƏCİLİ TİBBİ YARDIM PROBLEMİ

STANSİYANIN BAŞ HƏKİMİ YERLİ SAKİNLƏRİN SÖYÜŞ HƏDƏFİNƏ ÇEVRİLİB

DİA.AZ: Qazax rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyası rayon səhiyyəsinin axsayan sahələrindəndir. Uzun müddətdir ki, stansiyanın baş həkimi vəzifəsində çalışan Vidadi Hümmətov 70 nəfərə yaxın tibbi personalın öhdəsindən belə gələ bilmir, hər kəs öz bildiyini çağırır.

DİA.AZ-a bu barədə rayondakı qaynaqlardan daxil olan məlumatda bildirilir ki, burada əmək itizamından söz açmaq qeyri mümkündür: “Rayonda baş həkimin işinin öhdəsindən layiqincə gəlmədiyi tez-tez söylənilir.V.Hümmətovun yalnız işi yanacaq satmaq, çağırış kitabını xəstə olmayan ad və familyalarla doldurtmaqdan ibarətdir”.

Qazax rayon TTTYS-də işləyən işcilərin dediklərinə görə, baş həkim hər ay onlardan müxtəlif bəhanələrlə pul yığır, narazı olanlara isə hədə-qorxu gəlir. Mənbə iddialarına görə, iş o yerə çatıb ki, baş həkim özündən başqa heç kimi tanımır: “Saxta maxinasiyalarla yalnız cibinə işləyir. Bu ilin iyun ayının 22-də Qazax şəhər sakini Asya adlı qadının oğlunun vəfatı təcili yardım stansiyasının səhlankarlığı ucbatından baş verməsi mərhum sahiblərinin hiddətinə səbəb olmuşdu. Belə ki təcili tibbi yardım stansiyasının əməkdaşları çağırışa vaxtında getməmiş, çağırış sahibləri ilə həkimlər arsında uzun dedi-qodudan sonra həkimlər candərdi xəstə üstünə getmişlər”. Təbii ki, hər şey gec imiş...

Mənbənin sözlərinə görə, bu ayın 26-da axşam saat 19-20 radələrində bir nəfər xəstə sahibinin çağrışa getməyən tibbi yardım stansiyasının əməkdaşlarının elə stansiyanın həyətindəcə ağır söyüşlərlə təhqir etməsi Qazax rayon təcili və təxirəsalınmaz stansiyasında baş alıb gedən özbaşnalığın baris nümunələrindəndir.

Bu deyilənlər stansiyanın baş həkimi V.Hümmətovun stansiyada yaratdığı anarxiyanın birbaşa təcəssümüdür. Əlbəttə, stansiyanın fəailiyyətindəki nöqsanlar saysızdır. İşlədiyi sahədə doymuş məhlula çevrilmiş V.Hümmətov vaxtından gec də olsa tutduğu vəzifədən tezliklə uzaqlaşdırılmasa, təcili yardım stansiyasının özünə təcili ictimai qınaq yardımı lazım olacaqdır.

İlham Hacalı –Qazax - DİA.AZ


Geri qayıt