Əsas Səhifə > Şou-biznes > “ƏN ÇOX KƏDƏRLİ ANLARIMDA MAHNI BƏSTƏLƏYİRƏM”
“ƏN ÇOX KƏDƏRLİ ANLARIMDA MAHNI BƏSTƏLƏYİRƏM”28-06-2012, 13:52 |
VÜSALƏ HİKMƏTİN İNSANLIĞA BAXIŞI Həyat mahnıya bənzəyir. Kimisində həzin, lirik musiqilər yaranır, kimiləri ritmik melodiyaların müəllifi olur. Bu musiqilərin sözlərini isə cəmiyyət yazır. Beləcə, cəmiyyətlə fərdin ahəngində insan haqda mahnı yaranır. Bugünkü müsahibim də həyat melodiyasını yazmaqdadır. Hərdən kədərli musiqilər bəstələyir, hərdənsə ritmik parçalara könül verir. İstənilən halda, bu musiqinin sözləri ürəkaçan, ruhvericidir. Belə ki, gənc bəstəkar Vüsalə Hikmətin sənət işığına çoxları toplaşıb. - Vüsalə xanım, nə üçün məhz bəstəkarlıq sənətini seçdiniz? - Mən uşaq vaxtlarımdan musiqiyə həvəs göstərirdim. Hələ 5 yaşım olanda artıq öz musiqi duyumum və musiqiyə həvəsimlə yaşıdlarımdan seçilirdim. Sonralar valideynlərim gördülər ki, musiqiyə böyük həvəsim var, bu sahəni seçməyi məsləhət bildilər. Orta məktəbi bitirdikdən sonra mən özüm də qərarlaşdırdım ki, musiqinin mənim həyatımda çox böyük rolu var. Demək olar ki, musiqi ilə nəfəs alırdım. Ona görə də Bakı Musiqi Akademiyasına daxil oldum. Beləcə, bəstəkarlıq sənətinə gəlmişəm. - Bu sənəti seçəndə inanırdınız ki, tezliklə populyar olacaqsınız? - Təbii ki, bəstəkar olmağa başlayanda populyar olub-olmayacağımı bilmirdim. Allahın yazısıdır, kim populyar olacaq, kim olmayacaq. Çox insan tanıyıram ki, populyar olmaq məqsədilə bu sənətə gəlirlər, populyarlığa can atırlar, amma bunu əldə edə bilmirlər. Ona görə bu da Allah tərəfindən olan bir şeydir. Hər kəsin öz qisməti, öz taleyi var. Şəxsən mən ağlıma da gətirməzdim ki, populyar olacağam və mahnılarım dillər əzbəri olacaq. Onu da deyim ki, mən bu sənətə populyar olmaq üçün gəlməmişəm. Bəstəkarlıq sənətinə o qədər vurğun, aludə olmuşam ki, ona görə də bu sənəti seçmişəm. Bu gün də bəstəkarlıq sənətini seçdiyim üçün özümü xoşbəxt sanıram. - İlk mahnınız hansıdır? - İlk mahnım «Ana» mahnısı olub. Sözləri və musiqisi özümə məxsusdur. Bu mahnını çox sevdiyim anama həsr etmişdim. Korifey sənətkarlarla ilk işbirliyim isə artıq professional mahnı üzərində olub, həmin mahnını Flora Kərimova ifa edib. Ondan sonra işbirliyim Nisə Qasımova ilə başladı və bu axarla da getdi. Bir çox müğənnilərlə mənim işbirliyim olub və olmaqdadır. - Belə demək olar ki, sizi cəmiyyətdə daha çox tanıdan «Sevgi mesajı» mahnısı oldu? - Hardasa doğrudur. Həqiqətən də məni cəmiyyətdə tanıdan «Sevgi mesajı» mahnısı mənim üçün bir vizit kart oldu. O mahnının sözləri nəğməkar şair, dostumuz Reşat Kəsəmənlinin, musiqisi isə mənimdir. «Sevgi mesajı»ndan öncə mənim bir çox mahnılarım oxunmuşdu. Misal üçün, Nisə Qasımovanın ifasında «Cavab ver eşqimə, susma», «Sənin acığına» və s. səslənmişdi. Amma «Sevgi mesajı» çıxdıqdan sonra mən gördüm ki, bu mahnı balacadan tutmuş yaşlı insanlara qədər hər kəsin dilinin əzbəri oldu. Sözün düzü, mən «Sevgi mesajı»nı bəstələyəndə ağlıma da gətirməzdim ki, bu mahnı belə populyarlıq qazanacaq və bu günə kimi populyarlığını qoruyub saxlayacaq. Fikir vermisinizsə, indi də bu mahnı çox aktualdır. - Gənc yaşda bu qədər ağır yükün altına girmək sizin üçün çətin deyil ki? - Əlbəttə, gənc yaşda məhz bəstəkar olmaq, bu qədər mahnıların müəllifi olmaq, belə ağır yüklərin altına girmək çox çətindir. Lakin Allaha çox şükürlər olsun ki, gənc olmağıma baxmayaraq, öz işimin öhdəsindən layiqincə gəlməyə çalışıram. Hətta bir çox həmkarlarım mənə deyirlər ki, sənin 20-21 yaşında mahnıların oxunurdu, çox gənc yaşlarından populyar oldun, biz 35 yaşından sonra populyar olmuşuq. Təbii ki, mən buna çox sevinirəm. Bu da bir qismətdir. Gənclik insanı daha da ruhlandırır. Ona görə indi daha çox çalışıram ki, gələcəkdə ruhdan düşəndə, yaşlananda öz mahnılarımı zövqlə dinləyim. - Belə demək mümkündürsə, mahnılarınızda lirikadan çox nikbinlik duyulur. Xaraktercə də nikbin insansınız? - Bilirsiniz, mənim şən əhval-ruhiyyə bəxş edən mahnılarım çoxdur. Mənə elə gəlir ki, repertuarımda, sənətimdə, yaradıcılığımda hər stilə üz tutmuşam. İnsanlar mahnılarımı dinləyəndə bunu duya bilirlər. - Məndə olan məlumata görə, mahnılarınızdan birini türk müğənnisi Ajda Pekkan oxuyacaq. Bu, nə dərəcədə doğrudur? - Mən çox istərdim ki, mahnılarımdan birini Ajda Pekkan oxusun. Bu, mənim ən böyük arzularımdan biridir. Çünki Ajda Pekkanın sənətinin vurğunuyam. Amma mahnımı Ajda Pekkan yox, türk müğənnilərindən Bengü oxumalıdır. Bengü «Sevgi mesajı» mahnımı çox bəyənib və mənə xəbər yollayıb. Ola bilsin, gələcəkdə onunla işbirliyim olsun. - Daha çox hansı anlarda mahnı bəstələyirsiniz: kədərli, yoxsa sevincli? - Ən çox kədərli anlarımda mahnı bəstələyirəm. Düzdür, hansısa müğənni tərəfindən təklif ediləndə ki, Vüsalə xanım, bu şeiri verirəm sənə, belə bir mahnı bəstələ, bu halda mənə əhval-ruhiyyə gərək deyil. Mən oturub onu işləyə bilirəm. Amma özüm mahnı yazmağı qərarlaşdırmışamsa, bu, təbii ki, kədərli anlarımda baş verir. - Qarşıda nə kimi planlarınız var? - Planlarım çoxdur, əsərlər üzərində çalışıram. Müğənnilərlə də işləyirəm. Nisə xanım yeni «Yoxsan qəlbimdə» adlı mahınımı oxuyub. Xatirə xanıma, Samirə xanıma yeni mahnı bəstələmişəm. Hal-hazırda İlhamə Qasımova ilə çalışırıq. Flora xanımla ritmik bir mahnı yazdırdıq. Qarşıda planlarım, yeniliklərim çoxdur. Çalışmışam ki, sənəti olan sənətçilərlə, sənətkarlarla çalışım. Kimin sənətini sevmişəm, kimin sənətinin vurğunu olmuşamsa, onlarla çalışmışam və çalışmaqda da davam edirəm. Bu dəfə həmsöhbətimin həyat mahnısının bir neçə sətrini yazmaq mənə qismət oldu. Fikrimcə, bu yazı onun ömür yolunun dinamikasına, ritminə uydu. Beləcə, sizinlə birlikdə Vüsalə Hikmətin mahnısını birlikdə zümzümə etmiş olduq... Söhbətləşdi: gənc şair-jurnalist Fuad Biləsuvarlı Geri qayıt |