Əsas Səhifə > Siyasət, Manşet > MÜBARİZ AĞAYEV QUBALILARA DİVAN TUTUR

MÜBARİZ AĞAYEV QUBALILARA DİVAN TUTUR


1-07-2012, 16:39
MÜBARİZ AĞAYEV QUBALILARA DİVAN TUTUR

QUBA SAKİNLƏRİ RAUF HƏBIBOVUN DEVİRDİKLƏRİNƏ PEŞMAN OLUBLAR

DİA.AZ: - 1 Mart olaylarının ardından devrilən icra başçısı Rauf Həbibovun yerinə Mingəçevir şəhərindən transfer olunan Qubanın yeni icra başçısı Mübariz Ağayevlə bağlı redaksiyamıza çox maraqlı məlumatlar daxil olub. Məlumatı verən mənbə bildirir ki, yeni başçı Qubada əməlli-başlı pultoplama kampaniyasına start verib. Vəziyyət o həddədir ki, hətta büdcə təşkilatında çalışanlar köşhnə başçı - Rauf Həbibovun atasına rəhmət oxumağa başlayıblar.

Bildirək ki, rəsmi məlumatlarda Qubada Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının yenidən qurulması barədə məlumatlar verilir. Bununla bağlı DİA.AZ-a məlumat verən rayondakı qaynaq iddia edir ki, əslində parkın yenidən qurulması üçün heç bir vəsait ayrılmayıb: «Bütün işlər yerli sahibkarların və bir də büdcə təşkilatında salışanların hesabına görülür. Hər bir idarə müdirindən, məktəb direktorundan 2-5 min manat pul istənilib. Onlar da öz növbələrində əllərinin altında çalışan işçilərdən 20-50 manatdan pul yığırlar».

DİA.AZ-a verilən xəbərlərdə qeyd olunur ki, Ən çətin durumda olanı isə sahibkarlardır: «Hər bir sahibkar əlindəki imkanlarının miqyasına uyğun olaraq 5-20 min manat arası pul verməlidir. Çünki başçının tək işi Heydər Əliyev parkının abadlaşdırılması deyil. Eyni zamanda rayonda abadlıq işlərinə də start verilib ki, bütün bunların da xərci YERLİ QAYNAQLAR hesab olunan iş adamlarından, idarə və müsəssisə rəhbərlərindən toplanılır».

Bildirək ki, Qubadakı Heydər Əliyev parkının ümumi sahəsi 5 hektar 60 sotdur. İstirahət mərkəzində abadlıq işlərinə cari ilin may ayından start verilib. Parkda aparılan abadlıq işləri ilə yanaşı, 2 fəvvarə və Bayraq Meydanı da inşa ediləcək. Burada quraşdırılacaq bayrağın hündürlüyü 72 metr olacaq.

İstirahət mərkəzinin ərazisində görülən işlərin oktyabr ayında yekunlaşması planlaşdırlır. Məlumatı verən mənbə iddia edir ki, məhz həmin tarixdə Qubaya İlham Əliyevin səfəri planlaşdırılır. Yəni Mübariz Ağayev bir növ hakimiyyət qarşısında imtahan verir. Amma bu imtahan yerli camaata baha başa oturur. Rayondakı qaynaqların bildirdiyinə görə, Mübariz Ağayev topladığı pullar hesabına nəinki nəzərdə tutulan işləri asanlıqla görə bilər: «Hətta burada yeyinti imkanları da yetərincədir. Çünki elə sahibkarlardan ən azından 2 milyon manata yaxın vəsaitin yığılması imkanı var». Mənbəmiz əlavə olaraq onu da bildirdi ki, bütün bu baş verənləri görən qubalılar köhnə başçının atasına rəhmət oxumaqla yanaşı, həm də onun devrilməsinə peşman olduqlarını da gizlətmirlər: «Çünki Rauf Həbibovdan sonra Qubada vəziyyət tamamən pisləşib. 30-dan artıq qubalı bu gün həbsdədir. Onların müdafiəsi işi də demək olar ki, sıfır həddindədir. Qubalı deputat Vahid Əhmədov isə rayon camaatından uzaq qaçır. Yevda Abramovun isə heç bir zaman Qubaya aidiyyatı olmayıb».

Mövzu diqqətimizdədir. Qarşı tərəfi də dinləməyə hazırıq.


Geri qayıt