Əsas Səhifə > Güney Press, Araşdırma > GET-GEDƏ BƏSTƏBOY OLURUQ

GET-GEDƏ BƏSTƏBOY OLURUQ


3-07-2012, 13:40
GET-GEDƏ BƏSTƏBOY OLURUQ

MİLLİ GENEFONDUMUZ ÜÇÜN YENİ TƏHLÜKƏ

Azərbaycanda uşaqlarda cırtdanboyluluq olmasa da, kiçikboyluluğa meyillilik müşahidə olunur. Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, bu problem daha çox bölgələrdə müşahidə edilir.

Baş pediatrın fikrincə, uşaqların kiçikboyluluğa meylinin yaranmasının əsas səbəbi onlara ailədə diqqətin, qayğının az göstərilməsi, qidalanmanın düzgün təşkil olunmaması ilə bağlıdır.

Quliyev deyib ki, ailədə uşaqlara qayğı, onların qidalanması düzgün təşkil olunmadıqda böyümə və inkişafın pozğunluqları baş verir. Uşağın yaşı artsa da, boyu balaca qalır, bədən kütləsi normadan az olur.

Baş pediatrın sözlərinə görə, bu problemdən əsas çıxış yolu uşaqlara daha çox diqqət göstərilməsi, onların sağlamlığının qorunmasıdır.

"Uşaqlara bu diqqət sözdə deyil, əməldə göstərməlidir. Təəssüf ki, indi bəzən valideynlər uşaqlarını "çox istədiklərini" deyirlər, amma əmələ qaldıqda sözlə iş üst-üstə düşmür. Faktiki olaraq, indi dövlət tərəfindən uşaqlara göstərilən qayğı bəzi ailələrdə uşaqlara göstərilən münasibətdən qat-qat üstündür. Dövlət uşaqlarla bağlı ardıcıl tədbirlər həyata keçirir, amma ailə var ki, uşaq doğulan kimi onu aparıb küçəyə tullayır. Dövlət valideyn himayəsindən kənarda qalan uşaqların ailələrə verilməsi ilə bağlı proqram həyata keçirir. Məqsəd odur ki, uşaqlar qayğı ilə əhatə olunsun, ailə mühitində böyüsün", - Quluyev bildirib.

Baş pediatr "indiki uşaqların dişləri tez çıxır, gec gəzirlər" kimi səslənən fikirlərin elmi əsasının olmadığını qeyd edib.

"Əksinə, indi uşaqlarda akselerasiya deyilən proses baş verir. Uşaqların inkişafı ilə bağlı müəyyən məsələlər bir az tezləşməyə doğru gedir. 100 il bundan əvvəlki 1 yaşlı uşağın boyu ilə indiki 1 yaşlı uşağın boyunda fərq var. İndiki uşaqların boyu 100 il əvvəllə müqayisədə 1 sm hündür olur, bədən kütləsi ondan çox olur. Bu akselerasiya problemidir və bütün dünyada müşahidə edilir. Akselerasiya prosesi də o qədər sakit gedir ki, onu uşaqlara baxan kimi görmək olmur", - Quliyev əlavə edib.

Onun sözlərinə görə, uşaqlarda akselerasiyanın səbəbləri hələ elmə dəqiq məlum deyil. Bununla bağlı bir neçə nəzəriyyə olsa da, onlar hələ sübuta yetirilməyib.


Geri qayıt