Əsas Səhifə > Hadisə > KEÇMİŞ MÜAVİN MİSİR MƏRDANOVDAN ACIQ ÇIXACAQ?

KEÇMİŞ MÜAVİN MİSİR MƏRDANOVDAN ACIQ ÇIXACAQ?


22-10-2011, 12:50
KEÇMİŞ MÜAVİN MİSİR MƏRDANOVDAN ACIQ ÇIXACAQ?

ELMAR QASIMOVUN TQDK-YA VƏZİFƏYƏ GƏLƏCƏYİ BİLDİRİLİR

Təhsil nazirinin keçmiş müavini Elmar Qasımov Tələbə Qəbulu Dövlət Komissiyasında yüksək vəzifəyə gətirilə bilər. Onun komissiya sədrinin müavini təyin olunacağına dair iddialar ortaya çıxıb. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin deməsinə görə, hazırda TQDK-da yalnız bir sədr müavinliyi postu var: “Elə Qasımov da bu post üçün məsləhət bilinib. Belə bir təyinata TQDK sədri Məleykə Abbaszadənin də razı olduğu məlumdur”.

Qaynağımız deyib ki, Abbaszadə ilə Elmar Qasımovun yaxşı münasibətləri var: “Elə buna görə də Misir Mərdanov daim öz müavininə xüsusi qıcığı ilə seçilib. Mərdanovla Abbaszadənin düşmən münasibətləri hər kəsə bəllidir. Məleykə Abbaszadə uzun müddət Elmar Qasımovun müavinlik postunda qalmasının əsas dəstəkçilərindən biri idi. Hətta onun bir ara ölkənin yüksək rəhbərliyinə Qasımovu təhsil naziri təyin etmək üçün şifahi təqdimatlarda bulunduğu da deyilir”.

Xatırladaq ki, Elmar Qasımov təhsil nazirinin müavini postundan bu ilin sentyabrında Mərdanovun başqa iki müavini ilə birgə uzaqlaşdırılıb. Həmin vaxt nazirin özünün görəvdən alınacağına dair ehtimallar irəli sürülsə də, qəfildən üç nazir müavininə qapı göstərilib və belə bir mənzərə yaranıb ki, Misir Mərdanov Elmar Qasımovu və müavin ranqlı digər iki şəxsi qurban verməklə öz postunu qorumaq məqsədi güdüb.

Mənbəmiz deyir ki, vəzifədən alınması Elmar Qasımova çox pis təsir edib. “O, başda Məleykə Abbaszadə olmaqla özünün iqtidar içindəki ciddi dəstəkçilərinə çox bel bağlayırdı və əmin idi ki, təhsil naziri heç vaxt onu görəvdən aldıra bilməyəcək. Amma tam tərsi baş verdi. Qasımov əmindir ki, Misir Mərdanov onun barəsində ölkə rəhbərliyinə çox yanlış kompromatlar təqdim edib, elə bu da onun ciddi himayədarlarının varlığına rəğmən postundan uzaqlaşdırılmasına gətirib çıxarıb” – deyə qaynağımız vurğulayıb.

Qasımovun yaxın çevrəsinə işləri belə qoymayacağına, Mərdanovdan qisas almaq üçün bütün resurslarını işə salacağına dair vəd verdiyi də redaksiyamıza gələn məlumatlar arasındadır. Həmin məlumatlarda həm Elmar Qasımovun Misir Mərdanovu hansı “zəif yer”indən vuracağına, həm də Mərdanovun keçmiş müavini barədə iqtidar kulislərinə hansı kompromatları ötürdüyünə dair ilginc detallar yer alır. Amma bu başqa bir yazının mövzusu olduğundan bu barədə qarşıdakı saylarımızın birində bəhs edəcəyik.

Hələliksə onu deyək ki, Elmar Qasımova görəvdən alındıqdan qısa müddət sonra TQDK sədrinin də razılığı ilə vəzifə təklifi gəlib. “Qasımov həmin təkliflə məmnuniyyətlə razılaşıb. Burada iki görəvdən söhbət gedir. Elmar Qasımov ya xanım Abbaszadənin müavini olacaq, ya da TQDK-nın təşkilat şöbəsinə rəhbərlik edəcək. Birinci təyinatın yanvaradək gerçəkləşməsi gözlənilir. Yox əgər qərara alınsa ki, sabiq nazir müavini TQDK-nın təşkilat şöbəsinin müdiri olsun, bu qərar daha erkən verilə bilər”.


Geri qayıt