Əsas Səhifə > Sosial > İSTİNTAQ DİNDİRMƏLƏRƏ BAŞLADI
İSTİNTAQ DİNDİRMƏLƏRƏ BAŞLADI22-10-2011, 13:00 |
VASİF TURANIN EVİNDƏ APARILAN TƏKRAR EKSPERTİZA YENİ FAKTLARI ÜZƏ ÇIXARDI Oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən bolgexeber.com saytının baş redaktoru Vasif Turan yenidən Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsində olub. Açıqlama verən baş redaktor deyib ki, nazirlikdə hazırda yanğınla əlaqədar işi araşdıran baş müstəntiq Qəhrəman Məmmədovla görüşüb. Görüş zamanı baş müstəntiqə əlavə faktlar və məlumatlar təqdim etdiyini deyən V.Turan qeyd edib ki, onların əsasında artıq istintaq yeni istiqamətlər müəyyənləşdirməyə başlayıb. «Yanğından sonra polisin və ekspertizanın gəldiyi qənaət belə olub ki, guya, evdə elektrik xəttinə qoşulmuş atomat tənzimləyici olmayıb. Lakin biz həm həmin yanmış avtomat tənzimləyicinin qalıqlarını tapıb ortaya çıxarmışıq, həm də onun hansı dükandan alındığını təsdiqləyən fakt ortaya qoymuşuq. Hətta avtomat tənzimləyicinin alındığı dükanın qeyd dəftərində belə yazılıb ki, həmin əşaya 10 manata və nisyə alınıb». Vasif Turan həmçinin digər şübhələndiyi məqamlar və əlavə məlumatlar barəsində də baş müstəntiqə fikirlərini çatdırıb. Lakin o, bu barədə danışmağa zərurət görmədiyini, çünki istintaqın gedişatına təsir edə biləcəyini deyib. Baş redaktor onu da bildirib ki, onun dedikləri əsasında FHN-in Əməliyyat İstintaq İdarəsinin baş müstəntiqi Qəhrəman Məmmədovun rəhbərliyi ilə Qobudakı evdə təkrar ekspetiza aparılıb və yeni dəlillər götürülüb. «Evə gəlib təkrar ekspertiza apardılar və yeni faktların əldə edilməsi ilə əlaqədar protokol tərtib olundu». Baş redaktor sonda onu da bildirdi ki, FHN-in İstintaq İdarəsində onun evində usta kimi işləmiş qaynı Elburus Ağayev və qohumu Niyaməddin Muradov dindirilib və izahatları alınıb. «Elburus Ağayev bizdə evdə işləyən zaman hədə-qorxuya məruz qalıb. Belə ki, evə gələn adamlar onları təhdid edərək, tikintini dayandırmağı tələb ediblər. Və bildiriblər ki, əgər tikinti dayandırılmasa, onu yandıracaqlar. Həmin vaxt yaranmış mübahisə nəticəsində qaynımı döyülüb. Niyaməddin Muradov isə insidentin şahidi olmaqla bərabər, həm də bəzi bilgilərə sahib olduğu üçün istintaqa çağırılıb». Vasif Turan daha bir nəfərin istintaqa ifadə verəcəyini deyib. Lakin onun adını açıqlamayıb. «Həmin şəxs bəzi məqamlardan xəbərdardır və İstintaq İdarəsinin əməkdaşları onunla görüşüb, izahat alacaqlar. Həmin şəxsin adının açıqlanmasına hələlik gərək yoxdur» (“Tribuna” İA). Geri qayıt |