Əsas Səhifə > Sosial, Manşet > AYAZ MÜTƏLLİBOVUN BAKIYA GƏLİŞİNƏ AZ QALDI

AYAZ MÜTƏLLİBOVUN BAKIYA GƏLİŞİNƏ AZ QALDI


5-07-2012, 13:56
AYAZ MÜTƏLLİBOVUN BAKIYA GƏLİŞİNƏ AZ QALDI

ONU QARŞILAMAQ ÜÇÜN YÜZLƏRLƏ MAŞINDAN İBARƏT KARVAN HAZIRLANIR

DİA.AZ: - Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun Bakıya gəlişin üçün az bir vaxt qaldı. Bu barədə məlumatı Mütəllibovun yaxınları DİA.AZ-a veriblər. Onların sözlərinə görə, ola bilsin ki, Ayaz Mütəllibov bu gün gəlsin, amma dönüş gələn həftəyə qədər də yubana bilər.

Xatırladaq ki, eks-prezidentlər haqqında qanunun qəbulundan sonra illərdir ki, Rusiyada siyasi mühacir həyatı yaşayan Ayaz Mütəllibov vətənə dönmə imkanı əldə edib və yeni qanunla onun Bakıda qala bilməsi üçün çox ciddi güzəştlər də nəzərdə tutulub.

Bir neçə gün əvvəl isə Ayaz Mütəllibov rəsmən siyasətdən getdi. Belə ki, dünənə qədər Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri postunu tutan sabiq dövlət başçısı ilə rəsmi Bakı arasında gizli anlaşmanın olduğu bildirilir və qeyd olunur ki, məhz bu anlaşmaya görə, YAP iqtidarı Ayaz Mütəllibovu vətən buraxır, Ayaz Mütəllibov isə siyasətə «əlvida» deyir.

Əslində hakimiyyətin Ayaz Mütəllibovdan bu qədər ehtiyatlanması anlaşılandır. Ən azından ona görə ki, hələ də Şirvan zonasında böyük nüfuza malik olan keçmiş dövlət başçısı hazırki hakim rejimin iqtidarlılığı dönəmində siyasi proseslərdən demək olar ki, tamamilə təcrid olunmuş Bakı klanına da ciddi təsir imkanlarına malikdir. Bu kimi səbəblər isə hər türlü arzuolunmaz situasiyalardan sığortalanmağa çalışan hakimiyyəti Ayaz Mütəllibovu siyasətdən uzaqlaşdırmağa vadar etməyə sövq edib.

Redaksiyamıza daxil olan məlumatlara görə, bütün bunlara rəğmən keçmiş dövlət başçısının tərəfdarları Ayaz Mütəllibovu təmtəraqlı şəkildə qarşılamağa hazırlaşırlar. Hətta yüzlərlə maşından ibarət karvanın da hava limanı yolunda olacağını bildirən qaynağımız onu da söylədi ki, bəlkə də buk imi təşəbbüslər keçmiş prezidenti yenidən siyasətə qaytara. Hər halda, vəzifə çox şirin şeydir. Xüsusən də uzun illərdir nəinki vəzifədə, hətta vətənində belə yaşama fürsəti əldə etməyən Ayaz Mütəllibov üçün.

Onu da xatırladaq ki, Ayaz Mütəllibovun özü də vəzifədə olma istəyini bir neçə gün əvvəl biruzə verib. Və mətbuata verdiyi açıqlamasında keçmiş prezident bildirmişdi ki, ona əgər kiçik dövləti vəzifə verərlərsə, bir mütəxəssis kimi böyük məmuniyyətlə icra etməyə hazırdır. Yəni artıq ilkin istəklər var…


Geri qayıt