Əsas Səhifə > Gündəm, Manşet > SƏBAYEL RAYONUNDA HAKİMİYYƏT DƏYİŞİKLİYİ
SƏBAYEL RAYONUNDA HAKİMİYYƏT DƏYİŞİKLİYİ25-10-2011, 12:31 |
NARAZI VƏTƏNDAŞA GÖRƏ BAŞÇINI İŞDƏN ÇIXARIRLAR DİA.AZ: - Hələ iki il əvvəl Səbayl rayonuna icra başçısı təyin edilən Asəf Əsgərov deyəsən, qısamüddətli başçılardan biri kimi tarixə düşəcək. Hər halda, redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, İH başçısının durumu çox gərgindir və onun görəvdən alınması məsələsi bir anın işidir. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran BŞİH-dəki mötəbər qaynaqların bilgisindən belə məlum olur ki, Asəf Əsgərov hal-hazırda da davam etməkdə olan Bayıl sökhasökünün qurbanına çevrilib. Xatırladaq ki, bu arada evləri plana düşən vətəndaşlara verilən kompensasiyaların qaynağı barədə məlumatları diqqətinizə çatdırmışdıq və bildirmişdik ki, həmin vəsait dövlət büdcəsindən yox, ayrı-ayrı oliqarx-məmurların büdcəsindən ayrılır. Yəni rəsmən məmurların boynuna qoyulur ki, onlar filan ərazinin sakinlərini razı salmalıdırlar. Və bu günlərdə Bayıl qəsəbəsində Aqil Quliyev küçəsində yerləşən binalardan birinin söküntüsü zamanı vətəndaşlardan biri ilə bağlı yaranmış narazılığın qarşısının alınması məqsədilə Səbayel rayon icra hakimiyyətinə Prezident administrasiyası tərəfindən belə bir təlimat verilir ki, həmin vətəndaşa tələb etdiyi qədər təzminat ödənilsin. Və bu işin birbaşa olaraq Səbayel rayon icra hakimiyyətinin başçısı Asəf Əsgərova həvalə edildiyi söylənilir. Bu barədə mənbənin bildirdikləri: «Asəf Əsgərov da öz növbəsində kompensasiyanın ödənilməsi üçün Səbayel rayonunda bir sıra obyektləri olan «Bakı gecələri» şadlıq evinin sahibinə müraciət edir. Lakin həmin sahibkar başçının sözünü yerə saldığından vətəndaş yenə də razı salınmır». Mənbə bildirir ki, həmin vətəndaş birbaşa olaraq prezidentə müraciət etdiyindən bu məsələ də şəxsən dövlət başçısının nəzarətində imiş: «Və bu səbəbdən də Asəf Əsgərovun diqqətsizliyi onun qara günlərinin başlamasına nədən olub». Mənbəyə görə, artıq onun görəvdən alınması ilə bağlı «yuxarılar» tərəfindən qərar verilib və tək qalanı bu prosesin rəsmiləşdirilməsidr. Geri qayıt |