Əsas Səhifə > Partiya > 2 APREL MƏHBUSLARINI HƏBSXANALARA KÖÇÜRÜRLƏR

2 APREL MƏHBUSLARINI HƏBSXANALARA KÖÇÜRÜRLƏR


25-10-2011, 12:42
2 APREL MƏHBUSLARINI HƏBSXANALARA KÖÇÜRÜRLƏR

ONLARLA AİLƏLƏRİNİN GÖRÜŞÜNƏ İCAZƏ VERİLMİR

İctimai Palatanın 2 aprel aksiyasında iştirak etmiş fəalları Bakı İstintaq Təcridxanasından köçürməyə başlayıblar. Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna belə məlumat verib.

Məhbusların ailə üzvlərinin “Azadlıq” radiosuna bildirdiyinə görə, AXCP üzvü Arif Alışlı və Müsavat fəalı Elşən Həsənov 17 saylı, cəbhəçilər Babək Həsənov 16 saylı, Zülfüqar Eyvazlı 10 saylı cəzaçəkmə müəssisələrinə yerləşdirilib.

Ailə üzvləri bildiriblər ki, məhbuslar karantində olduğuna görə görüşlərə icazə verilmir.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində - Fəvvarələr meydanı və onun həndəvərində sanksiyalaşdırılmamış etiraz aksiyası keçirib. Bakı Şəhər Prokurorluğu bu işin istintaqını Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə aparıb. 14 aksiyaçı cinayət məsuliyyətinə cəlb olunub.

Avqustun 25-də Səbail Rayon Məhkəməsində AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, Müsavat fəalı Elşən Həsənova hökm oxunub. Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay, Sahib Kərimov və Elşən Həsənov 2 il, Zülfüqar Eyvazlı və Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Oktyabrın 3-də Səbail Rayon Məhkəməsi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsində hökmünü elan edib. Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslının hər biri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Fuad Qəhrəmanlıya isə 2 müddətinə şərti cəza verilib.

Oktyabrın 10-da Nəsimi Rayon Məhkəməsində müsavatçılar Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli və AXCP üzvü Elnur Məcidliyə hökm oxunub. Ülvi Quliyevə 3 il, Əhəd Məmmədliyə 3 il, Elnur Məcidliyə 2 il, Rüfət Hacıbəyliyə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Elşən Həsənovun cəzasını 1 ilə endirib.

Geri qayıt