Əsas Səhifə > Partiya > ÜMİD SƏDRİ PREZİDENTLİYƏ VAHİD NAMİZƏD OLUR
ÜMİD SƏDRİ PREZİDENTLİYƏ VAHİD NAMİZƏD OLUR7-07-2012, 16:07 |
““QARABAĞ” BLOKUNDA FİKİR AYRILIĞI YOXDUR” İctimai Palata 2013-cü il prezident seçkilərində müxalifətin vahid namizədlə iştirakı ətrafında müzakirələri dayandırıb. Bir müddət əvvəl vahid namizəd məsələsi qızğın şəkildə müzakirə olunsa da, ortaq fikrə gələ bilməyən İP məsələni uzatmağa qərar verib. Hətta İP-də təmsil olunan AXCP və Müsavat partiyalarının funksionerləri bu barədə mətbuata heç bir açıqlama verməmək barədə təlimatlandırılıblar. Görəsən, Qarabağ blokunda təmsil olunan Ümid və Demokrat Partiyası vahid namizədlə bağlı nə düşünürlər? Ümid Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli qəzetimizə açıqlamasında deyib ki, təkcə bu gün üçün deyil, təsis olunan vaxtdan Qarabağ blokunun prezident seçkilərində İqbal Ağazadənin namizədliyini dəstəkləyəcəyini müəyyənləşdiriblər: “Məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Blok təsis olunanda məsələ öz həllini tapmışdı”. O, ADP sədri Sərdar Cəlaloğlunun da İqbal Ağazadənin namizədliyini dəstəklədiyini vurğulayıb: “Sərdar Cəlaloğlu blokun ağsaqqalıdır. İstər Ümid, istər ADP-dən olan üzvlər Sərdar bəyi özlərinin Qarabağ blokundakı ağsaqqalı hesab edir. Sərdar bəyin özünün də prinsipial mövqeyi İqbal Ağazadənin namizədliyini müdafiə etməkdir”. O, AXCP, Müsavat, AMİP, ADP və KXCP partiyalarının beştərəfli formatda görüşündə Sərdar Cəlaloğlunun mövqeyi ilə indiki mövqeyi arasında heç bir ziddiyyətin olmadığını söyləyib: “Görüş bir müddət öncə olub. Vahid namizədlərlə bağlı müzakirələr olmuşdu. Ona qədər də İqbal Ağazadə bildirmişdi ki, prinsipial olaraq əgər millətin, xalqın mənafeyi naminə hər hansı bir addım atılarsa, mənim adımın sonuncu yazılmasına da razıyam. Biz millətin, xalqın mənafeyi naminə bütün güzəştlərə getməyə hazırıq. Lakin bu gün üçün belə müzakirə mövzusu yoxdur. Ona görə də məsələni ümumiyyətlə, gündəmdən çıxarmışıq. Yenidən siyasi partiya rəhbərləri masa ətrafında oturarsa, fikirlərimizi daha aydın və səlis formada ifadə edərik”. Geri qayıt |