Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİRABADDA POLİS ŞOU GÖSTƏRİB

SABİRABADDA POLİS ŞOU GÖSTƏRİB


8-07-2012, 13:30
SABİRABADDA POLİS ŞOU GÖSTƏRİB

SAKİNLƏRİ QORXU İÇİNDƏ SAXLAMAĞIN YENİ ÜSULU

İki gün əvvəl gecə saatlarında polis və qara maskalılar Sabirabad rayonunun bir neçə kəndinə daxil olaraq sakinlərə təzyiq ediblər. Bu barədə gozetci.az saytına rayon sakinləri məlumat verib. Məlumata görə, iyulun 6-da saat 22:00 radələrindən başlayaraq təxminən 30-a yaxın polis və qara maskalı şəxslər 10-na yaxın polis avtomobili ilə Sabirabadın Kür daşqınlarından əziyyət çəkən Minbaşı, Poladtoğay, Azadkənd, Çağırğan, Xankeçən və o ətrafdakı başqa kəndlərə daxil olaraq ardıcıl siqinal verə-verə avtomobilləri kəndlərin yollarında yüksək sürətlə idarə etməklə sakinləri vahiməyə salıblar.

Məlumatda bildirilir ki, polislər və qara maskalı şəxslər bu hərəkətlərini bir kənddə başa vurduqdan sonra digər kəndə keçərək orada davam etdiriblər. Onların bu hərəkətlərinin təxminən 3-4 saat çəkdiyi deyilir.

Məlumatda qeyd olunur ki, həmin vaxt polislər və qara maskalılar kəndlərin küçələrində kimi görüblərsə həmin şəxsi söyüb təhqir ediblər. Hətta onların 6-7 nəfəri saxlayaraq polis maşınına mindirib naməlum istiqamətə aparsalar da, sonradan onları sərbəst buraxdıqları da bildirilir. Poladtoğay kənd sakini, 61 yaşlı Rəsulav Rafiq Yusif oğlunun polis və qara maskalılar tərfindən döyüldüyü də bildirilir.

Sakinlər hesab edirlər ki, polis və qara maskalı şəxslər bu hərəkətləri etməklə sakinləri qorxutmaq istəyib ki, onlar haqlarını tələb etməsinlər: “Bu həm də sakinlərə bir mesajdır ki, səsinizi çıxartsanız sizi tutarıq”, - deyə adının çəkilməsini istəməyən sakin bildirib.

Qeyd edək ki, Kür daşqınları ilə bağlı rayona dövlət tərəfindən ayrılan pulların bir hissəsinin məmurlar tərəfindən mənimsənildiyi və buna görə də bu rayonda sakinlər arasında narazılığın çoxaldığı bildirilir.

İş günü olmadığı və məlumat iş vaxtından sonra bizə daxil olduğu üçün məsələ ilə bağlı rəsmi mövqe öyrənə bilmədik. Bu hadisə ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt