Əsas Səhifə > Sosial, Manşet > «BANK OF BAKU VƏTƏNDAŞA NECƏ KƏF GƏLİB?
«BANK OF BAKU VƏTƏNDAŞA NECƏ KƏF GƏLİB?9-07-2012, 13:03 |
«MƏNƏ DEDİLƏR Kİ, GET 2000 MANAT GƏTİR VƏ MAŞININI GÖTÜR, AMMA»… DİA.AZ: - İranın Azərbaycandakı əsas iqtisadi dayaqlarından biri kimi təqdim olunan və nədənsə bu barədə danışmaqdansa, hansısa izahatı verməkdənsə daha çox susmağa üstünlük verən «Bank of Baku» ilə bağlı vətəndaş narazılıqları durmadan artmaqdadır. Bildirək ki, digər banklardan fərqli olaraq daha ağır şərtlərlə müştərilərini çətin bir labirintə salan «Bank of Baku» «VikiLiks»in açıqladığı sənədlərdə İrandan ötürülən çirkli pulların əsas yuyulduğu mərkəz kimi təqdim olunmuşdu və ABŞ-ın ölkəmizdəki keçmiş səfiri xanım Enn Dörsinin adından ABŞ DÖvlət Departamentinə ünvanlanan məxfi qrifli sənəddə qeyd olunurdu ki, «NAB Dış Ticaret» şirkəti Azərbaycanda böyük bir şəbəkəyə malikdir. Bu arada sual oluna bilər ki, nədən «Bank of Baku»nun şərtlərinin - xüsusən də kredit şərtlərinin ağır olduğu təqdirdə bu bankın müştərilərinin sayı durmadan artır. Bunun çox asan bir izahı var. Bildirək ki, «Bank of Baku»nun əsas payçılarından olan Oromi ailəsi eyni zamanda Bakıda «Hyundai Auto Azerbaijan» və «Baku Electronics» kimi şirkətlərə də sahiblik edirlər. Yəni buradan da aydın olur ki, «hyundai» markalı avtomobil və həmçinin «Baku Electronics»ə aid eletrik malları alanlar əgər kredit yolunu seçirlərsə, onlara məcburi bank əməkdaşı kimi yalnız «Bank of Baku» təqdim olunur ki, bu da əslində inhisarçılığın bir formasıdır və vətəndaşların təbii seçiminə imkan verilməməklə, onların hüquqlarının pozulmasının bir formasıdır. DİA.AZ-a müraciət edən Bakı sakinlərindən biri (əgər bank rəhbərliyini qoyduğumuz problem maraqlandırarsa, o zaman vətəndaşın kimliyini açıqlaya bilərik -red.) isə bildirir ki, o da 2010-cu ilin sentyabr ayında «Hyundai Auto Azerbaijan»ın Mətbuat prospektindəki şöbəsindən «ix-35» markalı avtomobili kreditə götürübmüş: «Elə qara günlərim də bundan sonra başladı. İlk başdan bankın ağır şərtləri imkan vermədi ki, mən maşınımı salondan həmin an çıxarım. Yalnız «Bank of Baku»nun müştərisi olacağımı bildirən maşın salonunun əməkdaşları şərtləri açıqlayarkən açıq-aydın görünürdü ki, digər banklarda, məsələn «UniBank»da daha münasib varianta həmin maşını kreditə salmaq mümkündür. Amma salondan buna imkan verilmədi». Beləcə ağır şərtlərlə maşını qəbul etmək zorunda qaldığını bildirən vətəndaşın sözlərinə görə, cəmi 3-4 ay sürə bildiyi maşınına 7 min dollardan çox pul ödəməsinə baxmayaraq, 2 aylıq yubanmadan sonra bank əməkdaşları maşını əlindən alıblar: «Təbii ki, ağır şərtlərin bədəlini ödəmək də ağırdır. Mən də bankın aylıq kreditinin ödənməsində yubanmalara yol verirdim. Bildirim ki, buna qədər də kreditim olmuşdu, amma «Bank of Baku» qədərində müştərisinə qarşı amansız davranan bir bank görməmişəm. Yığılıb qalan borcum 2000 manatdan yuxarı idi və əlavə olaraq faizlə 3000 manatın üstündə mənə borc yazmışdılar. Halbuki bu qədər borcun faizi başqa bankda heç 400 manatı keçmirdi. Amma yenə də mən maşınımı yenidən qaytara bilməm üçün bankın əməkdaşlarına müraciət etdim və onlar mənə bildirdilər ki, 2000 manat gətirim və yenidən qrafik bərpa olunacaq. Amma mən həmin pulu versəm də, yenə də maşınımı geri ala bilmədim». Vətəndaş bildirir ki, bundan sonra bankın əməkdaşları məni təhdid etməyə başladılar və bildirdilər ki, günbəgün borcu şişirdəcəklər və mən evimi belə satsam, borcu bağlaya bilməyəcəm: «Yəni əslində bunların niyyətinin məhz mənim evimin satışa qoyulması olduğunu da gördüm. Amma mən hüquqlarımı gözəl bildiyimdən bankın əməkdaşlarına «onsuz da maşınım əlinizdə girovdur, borcun başqa bir girova yönəldilməsi mümkün deyil» dedim ki, bundan sonra əl çəkdilər. Amma maşınımı geri qaytarmamaları bir yana, ədliyyə nazirliyindəki ortaqlarının əli ilə qanunsuz hərrac keçirərək maşınımı çox ucuz qiymətə ələ keçirdilər. Halbuki heç 1000 kilometrlik yolu belə sürülməyən maşınımın real qiyməti hərracda qoyulan qiymətdən ən azından iki dəfə baha idi». Beləcə maşınının «Bank of Baku» tərəfindən mənimsənildiyini və bu zaman 10000 dollar pulunun bank işçiləri tərəfindən yeyildiyini bildirən şikayətçi məhkəmə instansiyalarına müraciət etmək fikrində olduğunu da bildirdi. Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Geri qayıt |