Əsas Səhifə > Sosial, Manşet > «QASİD»İN «QƏTLİNƏ» FƏRMAN VERİLİB

«QASİD»İN «QƏTLİNƏ» FƏRMAN VERİLİB


9-07-2012, 16:17
«QASİD»İN «QƏTLİNƏ» FƏRMAN VERİLİB

ƏLİ HƏSƏNOVLA QƏZETÇİLƏRİN GÖRÜŞÜ ÖZ «BƏHRƏSİNİ VERMİŞ OLDU

DİA.AZ: - Bir neçə gün əvvəl bir sıra KİV-lərin rəhbərləri hakimiyyətin mətbuat üzərində qeyri-rəsmi senzoru funksiyasını həyata keçirən və bu prosesdən sui-istifadə edərək ölkənin bir nömrəli media baronuna çevrilən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüşdülər. Görüşün mahiyyəti qəzetlərin üzləşdikləri problem idi.

Bildirək ki, elə həmin ərəfədə baş tutan görüşü qiymətləndirən ekspertlər formatı «sənə yar, səndən şikayətim var» şəklində xarakterizə etdilər. Buradan isə aydın olanı o idi ki, Əli Həsənov elə mətbuata problemləri yaradan şəxsdir və qəzetlər də Əli Həsənova onun özündən şikayət edirlər. Çünki əgər qəzet rəhbərləri məhz son zamanlar yayım sahəsində yaranmış problemləri əsas gətirərək hökumət nümayəndələri ilə görüş tələb edirdilərsə, bu problemin məhz Əli Həsənovdan qaynaqlanması hamıya məlumdur. Çünki burada söhbət «Qasid» mətbuat yayımı firmasının köşklərinin yığışdırılaraq yerinə Əli Həsənova aid olduğu söylənilən və əsas işi qəzet satmaqdan daha çox, sovet dövrlərinin «Kooptorq»larının funksiyasını icra etməkdən ibarət olan «Bakı Press» köşkləri qoyulur. Və bunun da nəticəsində qəzetlərin yayım əhatəsi daralmış olur.

Elə bu səbəblərdən Əli Həsənovla qəzet rəhbərlərinin görüşünün indidən heç bir nəticə verməyəcəyi hər kəsə aydındır. Redaksiyamıza daxil olan son məlumatlar da belə deməyə əsas yaradır. Belə ki, DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, az qala hər gün bir köşkünü itirən «Qasid» firmasının bağlanması ilə bağlı PA-da plan cızılıb.

Qeyd edək ki, «Qasid» mətbuat yayımı firmasına millət vəkili Mirkazım Kazımov rəhbərlik edir və birbaşa olaraq prezident İlham Əliyevin də xüsusi diqqətlə yanaşdığı M.Kazımov tanınmış seyid ocaqlarından birinin nümayəndəsidir. Vaxtilə onun atasına mərhum prezident Heydər Əliyevin də böyük rəğbət və inam bəslədiyi söylənilir.

İndi isə Əli Həsənovun nəhayətdə bu firmanın çöküşünə nail olması barədə xəbərlər var. Mənbəmiz iddia edir ki, artıq PA rəhbəri Ramiz Mehdiyevin də müdaxiləsi ilə «Qasid»in «qətlinə» fərman verilib. Yaxın günlərdə firmanın mərkəzdəki bütün köşklərinin yığışdırılacağını bildirən mənbə, əslində bununla «Qasid»in özünün buraxmasının eyni olduğunu da söylədi: «Əsas gəlir mərkəzdəki köşklərdədir. Əgər bu köşklər qaldırılırsa, deməli, firma işçilərini buraxmalı olacaq. Və sonda fəaliyyətini dayandıracaq».

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt