Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏVƏZ ZEYNALLININ VƏKİLİNDƏN İLGİNC AÇIQLAMALAR

ƏVƏZ ZEYNALLININ VƏKİLİNDƏN İLGİNC AÇIQLAMALAR


10-07-2012, 12:26
ƏVƏZ ZEYNALLININ VƏKİLİNDƏN İLGİNC AÇIQLAMALAR

“BU, DAHA ÇOX SİYASİ TAMAŞANI XATIRLADIR”

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallıya qarşı məhkəmə hüquq normalarına sığmır, bu, daha çox siyasi tamaşanı xatırladır, deyə obyektiv.tv-yə müsahibəsində vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, məhkəmə icraçıları şərəf və ləyaqətin təhqir edilməsi barədə işlər üzrə beş iddiaçıdan heç birinə mənəvi ziyana görə təzminatın onların hesabına köçürülməsi ilə bağlı müraciət etməyiblər. Ağabəy Əsgərov - “Azərbaycan” nəşriyyatının direktoru ümumiyyətlə təzminat tələb etməyib, yalnız təkzib dərc edilməsində israr edib, lakin məhkəmə yenə də ona pul ödənməsi barədə qərar çıxarıb.

Pivə istehsalçısından Prezident Administrasiyasının rəhbərinə qədər bütün iddiaçılar üslub, hüquqi və hətta qrammatik səhvlərinə görə eyni iddia ərizələri veriblər və məhz 10 min manat tələb ediblər. Bu, jurnalistdən narazılıq mənbəyinin tək olduğunu göstərir.

Məhkəmə prosesində də özbaşınalıq baş verir. Hakim partiyadan deputat Gülər Əhmədovanın köməkçisi Zeynalının qardaşını ayağı ilə vurub, zalda iddiaçı tərəfindən söyüş söyülüb, lakin hakim onların qanunazidd hərəkətlərinin qarşısını almayıb. Məhkəmə iclaslarında iddiaçılar özlərini elə aparıblar ki, sanki hökm artıq verilib, onu elan etmək qalıb.

Müttəhimin vəkilinin dövlət vəsaitlərinin mənimsənməsi faktlarına baxılması haqqında tələbinə baxmayaraq, hakim vəsatəti qəbul etmir. Deputat Gülər Əhmədova məhkəmədə bildirib ki, redaktora rüşvət təklif edib, lakin məhkəmə bunu diqqətə almayıb, baxmayaraq ki, qanuna əsasən, o da məsuliyyətə cəlb edilməlidir.

Məhkəmə icraçılarının Zeynallının redaksiya və şəxsi mülkiyyətini siyahıya alarkən ilk növbədə informasiya bazasını müsadirə etdikləri və bütün kompüterləri, diskləri, mobil telefonları, foto və video aparatları apardıqları da məhkəmənin qanunsuz olduğuna dəlalət edir, deyə vəkil bildirib.

Martın 1-də Quba rayonunda kütləvi iğtişaşların təşkilində ittiham edilən “Xəyal” regional telekanalının direktoru Vüqar Qonaqov və telekanalın redaktoru Zaur Quliyev barəsində iş üzrə istintaqda daha çox özbaşınalığa yol verilir. Bu jurnalistlər martın 30-dan etibarən istintaq təcridxanasında saxlanılır, onlar barəsində bir çox fiziki təzyiq vasitələrinə əl atılıb, lakin indiyədək heç bir istintaq hərəkəti aparılmayıb. Baş Prokuror Zakir Qaralovun imzaladığı prokurorluğun təlimatında zəruri müddət göstərilib – təqsirləndirilən şəxslər barəsində istintaq hərəkətləri ən az 5 gündə bir həyata keçirilməlidir, lakin bu, baş vermir.

Prokurorluğun bəyanatına görə, keçmiş icra başçısının xalqın etirazlarına səbəb olmuş çıxışını montaj edib Youtube-a yerləşdirən şəxslər tapılıb. Belə olduğu halda bu maddə ilə ittiham olunan Qonaqov və Quliyev cinayət məsuliyyətindən azad edilməlidir, lakin onlar İstintaq Təcridxanasında saxlanmaqda davam edir, həm də doğmaları və yaxınları yanlarına buraxılmır.

Nə qədər ki, prokurorluq, məhkəmələr və hüquq-mühafizə qurumları cəzalandırılmadan vətəndaşların taleyi ilə oynayacaq, hüquq sahəsində heç bir islahatdan söz belə gedə bilməz, vəkil belə hesab edir.


Geri qayıt