Əsas Səhifə > Partiya > YAP-ÇILAR AYAZ MÜTƏLLİBOVA QARŞI
YAP-ÇILAR AYAZ MÜTƏLLİBOVA QARŞI25-10-2011, 13:31 |
“CİNAYƏT TÖRƏTMİŞ BİR ŞƏXSİ ƏFV ETMİŞ OLURUQ" Bəzi millət vəkilləri "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununun sabiq prezident Ayaz Mütəllibova şamil olunmasına etiraz ediblər. Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri ümumilikdə qanunun qəbul olunmasına tərəfdar olsalar da, qanunun eks-prezident Ayaz Mütəllibova şamil olunmasına etiraz ediblər. YAP-ın sədr müavini, ica katibi Əli Əhmədov bildirib ki, qanunun qəbul olunması dünyada mövcud olan sivil siyasi münasibətlərə verilən töhfədir. "Lakin Ayaz Mütəllibov Azərbaycan Respublikası prezidentliyindən istefa verib, üç ay sonra zorla prezident postunu ələ keçirmək istəyib və postundan kənarlaşdırılıb. Biz bu qanunu qəbul etməklə, cinayət törətmiş bir şəxsi əfv etmiş oluruq", - Əhmədov vurğulayıb. Deputat Zahud Oruc Ayaz Mütəllibovun üzərində cinayət məsuliyyətinin qaldığını xatırladıb. "Qəbul etmək istədiyimiz qanunla onun üzərindən müddəanın götürülməsi siyasi nihilizm yaradacaq", - millət vəkili əlavə edib. Milli Məclisin üzvü Fəzail Ağamalı isə deyib ki, bu qanunun bəzi müddəaları deputat kimi onun siyasi dəyərlərinə uyğun gəlmir. "Belə bir qanunun qəbul olunması zəruridir. Lakin Ayaz Mütəllibovun üzərində ağır cinayət işi var və bu məsələyə aydınlıq gətirilməlidir", - Ağamalı vurğulayıb. Onun sözlərinə görə, 19 il Azərbaycandan kənarda yaşayan və üzərində cinayət məsuliyyəti olan şəxsin bir qanunla bu məsuliyyətdən azad olması düzgün deyil. İclasda millət vəkilləri Elmira Axundova, Elman Məmmədov, Xanhüseyn Kazımlı, Vahid Əhmədov da çıxışlarında qanunun bütün keçmiş prezidentlərə şamil olunması və bu sıradan Ayaz Mütəllibova da şamil olunmasının əleyhinə çıxıblar. Layihəyə əsasən, qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq. Qanun impiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq. Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar. Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək. Eks-prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq. Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun təqdimatı ilə saxlanıla bilər. Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları eks-prezidentə və ailə üzvlərinə şamil olunacaq. Geri qayıt |