Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOV KƏMALƏDDİN HEYDƏROVA QARŞI
ZİYA MƏMMƏDOV KƏMALƏDDİN HEYDƏROVA QARŞI11-07-2012, 13:22 |
İKİ NAZİR ARASINDAKI SOYUQ MÜHARİBƏ YENİDƏN ALOVLANMAQ ÜZƏRƏDİR DİA.AZ: - Bir-biriləri ilə yola getməyən oliqarx-məmurlarımızın mübarizəsi yenidən qızışmaq üzərədir. Söhbət fövqəladə hallar naziri Kəmaləddin Heydərovla nəqliyyat naziri Ziya Məmmədovun münasibətlərində hökm sürən konfliktli mühitdən gedir. Bu günlərdə belə bir məlumat yayıldı ki, Kəmaləddin Heydərov hətta Ziya Məmmədovun yerinə kadr da hazırlayıb. Həmini şəxsin kimliyini müəyyən etmək isə o qədər də çətin deyil. Neçə müddətdir NN şefinin hədəfinə çevrilən və hətta barəsində birbaşa olaraq nazirin sifarişi ilə mətbuatda əks-təbliğat kampaniyası yürüdülən «Azəravtoyolservis»in prezidenti Cavid Qurbanov Kəmaləddin Heydərovun nəqliyyat naziri postuna gətirmək istədiyi adamıdır. Bu barədə DİA.AZ-a daxil olan informasiyalarda vurğulanır ki, FHN şefi hətta bir neçə gün əvvəl özünə yaxın şəxslərin iştirakı ilə keçən məclislərin birinə Cavid Qurbanovu da dəvət edərək, onu tərəfdaşlarına «bizim adamdır» deyərək təqdim edib. Mənbənin söylədikləri: «Əgər dünənə qədər Cavid Qurbanovla Kəmaləddin Heydərovun münasibətləri daha çox gizli bir məsələ hesab olunurdusa, indi artıq əlaqələr açığa çıxarılır. Kəmaləddin Heydərovun da adamlarına Cavid Qurbanovu yeni komanda üzvü kimi təqdim etməsi də bu dəyişmiş situasiyanın təzahürüdür». Mənbəmizin bildirdiyinə görə, həmin məclisdə Kəmaləddin Heydərovya çox yaxın olan şəxslər iştirak edib: «Hər kəs orda olub. Vergilər Nairi Fazil Məmmədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev və daha neçə mühüm post tutan kadrlar və deputatlar. Cavid Qurbanovun da həmin məclisə qatılmasının nədəni əgər bir yandan FHN şefinin öz adamına gücünü nümayiş etdirməsi idisə, digər yandan da yerdə qalan komanda üzvlərinə güclərinin üstünə gücün qatılmasını çatdırması idi». Artıq bu məsələdən Ziya Məmmədovun da xəbərdar olduğunu bildirən mənbəmiz nazirin reaksiyasının yaxın günlərdə hiss olunacağını da söylədi: «Təbii ki, Ziya Məmmədov Cavid Qurbanovu öz postunda saxlamayacaq. Bir neçə dəfə nazir hətta «Azəravtoyolservis» şefinin görəvindən alınması ilə bağlı hakimiyyətin üst düzəyinə müraciətlər də edib. Amma «yetərli əsaslandırma»nın olmaması nədəni Cavid Qurbanovun mövqeyində qalmasına nədən olub. Əslində onun qorunmasında Kəmaləddin Heydərov fəallıq edir. Çünki Cavid Qurbanov «Azəravtoyolservis»dən uzaqlaşacağı təqdirdə onun Ziya Məmmədovun yerinə keçidi də çətinləşəcək». Mənbəmiz onu da bildirdi ki, bu məsələ ilə əlaqədar iki oliqarxın ciddi şəkildə toqquşacağını da söylədi. Mövzu diqqətimizdədir. Geri qayıt |