Əsas Səhifə > Partiya > “YAP-ÇILAR ÖZLƏRİ BİZİM PARTİYAYA KEÇDİLƏR”
“YAP-ÇILAR ÖZLƏRİ BİZİM PARTİYAYA KEÇDİLƏR”11-07-2012, 14:04 |
“BİZ DƏVƏT ELƏMƏDİK” Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Modern.az-a açıqlamasında bildirib ki, YAP üzvlərinin ACP-yə keçməsini inkar etsə də, bu faktdır: “Yeni Azərbaycan Partiyası bunu inkar edə bilər. Sadəcə olaraq deyə bilərəm ki, bu faktdır. Həmin insanların adlarını açıqlamamağımın əsas səbəbi odur ki, onlar təzyiqlərə məruz qala bilərlər. Bu baxımdan mən onların kimliyini ictimaiyyətə açıqlamıram. Lakin onu deyə bilərəm ki, həmin şəxslər bir o qədər də ictimaiyyətin tanıdığı insanlar deyil. Hələlik 3 nəfərdirlər. Ola bilər ki, yeni simalar da bizə qoşulsun”. ACP sədri YAP-çıların keçidi ilə bağlı təklifin partiya tərəfindən irəli sürülmədiyini deyib. Onun sözlərinə görə, keçmiş YAP üzvləri özləri ACP-yə müraciət ediblər. “Biz heç kimə partiyamıza üzv olması üçün müraciət etmirik. Sadəcə olaraq onlar özləri bizə müraciət edərək ACP-yə üzv olmaq istədilər. Biz də onlardan soruşduq ki, əvvəllər hansı partiyanın üzvü olmusunuz, bildirdilər ki, Yeni Azərbaycan Partiyasının. Biz də öz növbəmizdə müraciətlərini qəbul etdik”,- deyə S.Əkbər vurğulayıb. ACP-nin nüfuzunun artmaqda olduğunu deyən partiya sədri bildirib ki, bundan sonra da yeni transferlərin olacağı gözlənilir: “Partiyanın nüfuzu gündən-günə artmaqdadır. Hətta ziyalılar arasında da partiyamıza böyük rəğbət var. Lakin mən düşünürəm ki, siyasi partiyaya qoşulmuş ziyalıdansa, bitərəf ziyalının nüfuzu cəmiyyətdə daha çox olar”. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidməti saytımıza Sülhəddin Əkbərin dediklərini təkzib edərək, üzvlərinin ACP-yə keçmədiyini bildirib. Geri qayıt |