Əsas Səhifə > Partiya > PARTİYA SƏDRİNİN MÜAVİNİ DƏFN OLUNACAQ

PARTİYA SƏDRİNİN MÜAVİNİ DƏFN OLUNACAQ


12-07-2012, 13:50
PARTİYA SƏDRİNİN MÜAVİNİ DƏFN OLUNACAQ

DƏFN SAAT 16.00-A NƏZƏRDƏ TUTULUB

Azərbaycan İslam Partiyası sədrinin müavini Vaqif Abdullayevin meyiti ailəsinə təhvil verilib. Hazırda onun meyiti Əhmədli məscidindədir. Azərbaycan İslam Partiyası sədrinin birinci müavini İnqilab Əhmədli “Media forum” saytına açıqlamasında deyib ki, Vaqif Abdullayevin yaxın qohumları, eləcə də partiya rəhbərliyi, funksionerləri, bir sıra dindarlar məsciddədirlər.

Dəfn saat 16-ya təyin edilib. İnqilab Əhədlinin verdiyi məlumata görə, Vaqif Abdullayev Hövsan qəbiristanlığında, anasının yanında dəfn olunacaq: “Biz hazırda Əhmədli məscidindəyik. Buradan çıxıb Vaqif bəyin evinə gedəcəyik. Orada mərhumla vidalaşma olacaq”.

Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev iyulun 12-də Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində dünyasını dəyişib. Onun səhhəti ağırlaşdığına görə may ayında müalicə müəssisəsinə köçürülmüşdü. Qan xərçəngi xəstəliyinə tutulduğu ehtimal olunurdu. May ayından Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinə yerləşdirilən dustağın müayinəsi aparılmışdı, vəziyyəti ağır qiymətləndirilirdi və son diaqnozun bir neçə günə bilinəcəyi deyilirdi.

Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinmişdi.

Geri qayıt