Əsas Səhifə > Sosial, Manşet > İBRAHİMOV QARDAŞLARI ÜÇÜN ARZUOLUNMAZ GÜN

İBRAHİMOV QARDAŞLARI ÜÇÜN ARZUOLUNMAZ GÜN


13-07-2012, 14:58
İBRAHİMOV QARDAŞLARI ÜÇÜN ARZUOLUNMAZ GÜN

«KHAZAR İSLANDS» PROJESİ İLƏ BAĞLI RƏSMİ BAKININ ŞOK PLANLARI

DİA.AZ: - Bir neçə gün əvvəl məlum oldu ki, Türkiyənin ən böyük işi adamlarından biri olan Əli Ağaoğlu Azərbaycanda həyata keçirilən dənizdə şəhər - «Khazar İslands» layihəsinə investor kimi qoşulacaq.

Xatırladaq ki, bu barədə mətbuata açıqlamasında «Khazar Islands» layihəsini reallaşdıran «Avesta» konserninin rəhbəri Hacı İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bu günlərdə Bakıda aparılan danışıqlarda türk işi adamının rəhbərlik etdiyi qrupun bu layihəyə investisiya yatırması barədə ilkin razılıq əldə olunub: «Bununla bağlı növbəti görüşümüz iyulun 19-20-də İstanbulda keçiriləcək».

İ.İbrahimov bildirib ki, ilkin razılığa əsasən, türk işi adamı «Khazar İslands» layihəsinə minimum 100 mln. manat (təxminən 125 mln. dollar) manat vəsait yatıracaq.

Onu da xatırladaq ki, bu günlərdə "Khazar Islands" süni adalarının tikintisi layihəsi Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatından keçib. Qeyd edək ki, təsisçi Azərbaycanın "Avesta" konserni "KHAZAR İSLANDS" MMC-ni iyunun 13-də vergi orqanlarında qeydiyyatdan keçirib.

Tikintinin ərazisi 2 min hektarı əhatə edir. Layihə "baş" adadan, iki paralel xətlə uzanan tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin tikililəri və adaları körpülərlə birləşdiriləcək.

Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam edir.

"Avesta" konserninin prezidenti İbrahim İbrahimovun bir qədər əvvəl jurnalistlərə dediyi kimi, 2020-2025-ci illərdə başa çatdırılması planlaşdırılan layihəyə artıq Amerika, Türkiyə, ərəb və Çin sərmayədarları maraq göstərirlər. Və artıq məlum olduğu kimi, Türkiyədən sərmayədar sözügedən layihəyə cəlb olunub.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, belə bir mühüm proje ilə əslində özlərinə həm də toxunulmazlıq əldə etmiş İbrahimov qardaşlarının arzuları ürəyində qala bilər. Xatırladaq ki, bu günlərdə ATV telekanalına nəzarəti əldən verən İbrahimov qardaşlarının həm də «Khazar İslands» layihəsindən uzaqlaşdırılacaqları barədə xəbərlər yayılsa da, bu məsələ ilə bağlı mətbuata şəxsən açıqlama verən «Avesta» konserninin prezidenti İbrahim İbrahimov deyilənləri təkzib etmişdi.

Amma redaksiyamızı bilgiləndirən mötəbər mənbənin sözlərinə görə, İbrahimovlar «Khazar İslands»an nə qədər möhkəm yapışsalar da, layihənin reallaşması üçün ortaqları müəyyən etsələr də, bu proje ilə əlaqədar «yuxarılarda» tamam fərqli fikirlər var: «Hələlik İbrahimov qardaşları pul xərcləməklə və əlavə pul qaynaqları taparaq işə cəlb etməklə məşğuldurlar. Müəyyən hədd var ki, onlara imkan yaradılıb və işlərin xeylisi həyata keçdikdən sonra, onlarla bağlı hələlik ertələnmiş olan, lakin icra qərarı çoxdan verilən proses işə salınacaq».

Məlumatlı mənbənin sözlərinə görə, hər zaman bu tərzdə davranan rəsmi Bakı ənənəvi priyomu ilə davranacaq. Xatırladaq ki, bir zamanlar Azərbaycanda çox populyar olan və hətta yaratdığı siyasi partiyası ilə ölkənin siyasi mühitinə qoşulmaq fikrinə düşən Rusiyadakı «İntersever» şirkətlər qrupunun prezidenti Frenk Elkaponi (Füzuli Məmmədov) də eyni tərzdə qabıqdan çıxarılmışdı. Belə ki, hər Bakıya səfəri zamanı 100 min dolları qaçqınlara paylayan, Bakıda «Frenk» Uşaq Fondu yaradan və Hacıqabul rayonu ərazisində «Heaven» şəhərciyi salmaq niyyətinə düşən Füzuli Məmmədov Moskvada rəsmi Bakının sifarişi ilə narkoman kimi həbs olundu.

Mənbəmiz bildirir ki, belə bir aqibət İbrahimov qardaşlarını da gözləyir: «Unutmaq lazım deyil ki, düz bir il əvvəl bu qardaşların ortaqlarından biri qətlə yetirildi. Hər halda, hələ də sözügedən cinayət işinin İbrahimovlar üçün «Domokl qılıncı» əhəmiyyətini daşıdığını təxmin etmək çox asandır».

Konkret olaraq İbrahimovların nə zaman çıxdaş olacaqlarına gəlincə isə bu barədə danışan mənbəmiz bildirdi ki, proseslərin start düyməsinin basılması İbrahimovların «Khazar İslands»dakı iş tempindən çox asılıdır: «Nə qədər sürətli şəkildə inşaat işləri gedəcəksə, öz sonlarını bir o qədər də tezləşdirmiş olacaqlar».

Qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt