Əsas Səhifə > Partiya > BU “TƏFƏKKÜR SAHİBLƏRİ” İLƏ SÖHBƏT APARMAĞA DƏYƏRMİ?

BU “TƏFƏKKÜR SAHİBLƏRİ” İLƏ SÖHBƏT APARMAĞA DƏYƏRMİ?


13-07-2012, 16:40
BU “TƏFƏKKÜR SAHİBLƏRİ” İLƏ SÖHBƏT APARMAĞA DƏYƏRMİ?

ƏDALƏTDƏN ƏDALƏTSİZLİYƏ ETİRAZ

Ədalət Partiyası ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiyə qədərki fəaliyyəti və bölgəyə son səfərləri ilə bağlı bəyanat verib.

Partiyanın mətbuat xidmətindən daxil olan bəyanatda deyilir:

“ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan ATƏT həmsədrinin nümayəndəsi bu günlərdə yenidən bölgədə oldular. Onlar Bakıda, Xankəndidə və Yerevanda yüksək səviyyədə görüşlər keçirib, münaqişəsinin nizamlanması istiqamətində əsas baza prinsiplərini və son vaxtlar cəbhədə baş verən insidentləri, eləcə də qarşıdakı görüşlərin qrafikini müzakirə etdilər. Sonda tərəfləri həmişə olduğu kimi yenə də atəşkəs rejimini qorumağa çağırdılar…

Artıq 20 ildən çoxdur ki, eyni halı müşahidə edirik. Həmsədrlər ölkəni, bölgəni az qala su yoluna döndəriblər. Amma ortada heç bir nəticə yoxdur. Halbuki bu 20 ildə yeni - Qarabağsız nəsil formalaşıb. Maraqlıdır, münaqişənin nizamlanması üçün ATƏT-ə, onun Minsk Qrupuna daha neçə il lazımdır? Ümumiyyətlə, bu qurum münaqişənin həllində doğrudanmı səmimidir və nə isə edə bilər?

Həmsədrlərdən birinin – Fransanın qondarma erməni soyqırımını tanımasını ATƏT-in Minsk Qrupunun ədalətli olmaq şansını itirdiyinin nümunəsi hesab etmək olar. Rusiya da Ermənistanda hərbi bazasını saxlayır və erməniləri müdafiə etdiyini heç vaxt gizlətmir. ABŞ isə erməni lobbisinin təsirindən çıxaraq neçə vaxt idi ki, Azərbaycana səfir belə göndərə bilmirdi, hətta təyin etdiyi səfiri geri də çağırmışdı. Bütün bu göstərilənlər Azərbaycanın ərazi bütövlüyünün danışıqlar yolu ilə bərpasını nəinki şübhə altına alır, hətta qeyri-mümkün edir. Üstəlik elə təəssürat yaranır ki, Minsk Qrupu sanki daha çox münaqişəni həll etməmək üçün yaradılıb.

Düzdür, hərdən yanlış olaraq belə bir fikir irəli sürülür ki, guya Azərbaycan cəmiyyətinin Minsk Qrupunun fəaliyyətinə olan tənqidi münasibətini dəyişdirməyin yalnız bir yolu var: yeni format tətbiq etmək!

Konkret təklif verənlər də var. Məsələn, bəzilərini fikrincə, həmin formatda Fransanın əvəzinə Avropa İttifaqı iştirak etsə yaxşı olar. Ədalət Partiyası isə bu fikirdədir ki, Avropa İttifaqı yox, lap Azərbaycana yaxın Pakistan və Türkiyə də orada iştirak etsə, bunun heç bir xeyri olmayacaq. Əvvəla, ATƏT-in nəinki Minsk Qrupu, heç özü də bu problem həll edə bilməz. Çünki bu təşkilatın qərarları dövlətlər üçün öhdəlik yaratmır, məcburi deyil və yalnız tövsiyə xarakteri daşıyır. İkincisi, ermənilər özləri xoşluqla sülhə gəlməkdə qətiyyən maraqlı deyillər. Konkret iki fakt. Bu il martın 3-də Dağlıq Qarabağdakı işğalçı rejimin lideri Bako Saakyan Xankəndidə həmsədrlərlə söhbətdə bildirmişdi ki, “Dağlıq Qarabağ Respublikası” danışıqların bütün mərhələlərində iştirak etmədən münaqişənin həllinə nail olmaq mümkün deyil. Separatçı lider Dağlıq Qarabağın müstəqil dövlət olmaq istəyindən zərrə qədər də olsun geri çəkilməyəcəyini də xüsusi vurğulamışdı: “Bundan söhbət belə gedə bilməz”. Təxminən bir il əvvəl isə Ermənistan prezidenti Serj Sarkisyan erməni dili və ədəbiyyatı yarışmasında şagirdlərdən birinin "Qərb torpaqlarımızı Ağrı Dağıyla birlikdə geri ala bilərikmi” sualını cavablandırarkən demişdi: “Mənim dövrümün gəncliyi öz öhdəsinə düşəni müvəffəqiyyətlə yerinə yetirdi. 1990-cı illərdə vətənimizin bir hissəsi olan Artsaxı (Qarabağ nəzərdə tutulur-red.) düşmənin əlindən xilas etdik. Hər nəslin bir vəzifəsi vardır. Siz də gələcəkdə bizim kimi üzərinizə düşəni yerinə yetirməlisiniz“.

Bu “təfəkkür sahibləri” ilə sülh söhbəti aparmağa dəyərmi?

Ona görə də Ədalət Partiyası olaraq belə hesab edirik ki, özümüzü aldadıb nə ATƏT-dən, nə də ermənilərdən heç nə gözləməməliyik. Bu proses, “vasitəçilik missiyası” status-kvonun saxlanılmasına, yəni Azərbaycanın 20 faiz ərazisinin işğal altında qalmasına xidmət edir. Ona görə də Azərbaycan Minsk Qrupu çərçivəsindəki danışıqlardan imtina etməli, Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin ATƏT-dən alınıb BMT Təhlükəsizlik Şurasına verilməsinə nail olmalı və bu qurumdan vaxtilə qəbul etdiyi dörd qətnamənin icrası ilə məşğul olmasını tələb etməlidir. Əgər bu da bir nəticə verməsə, onda biz bütün resurslarımızı səfərbər edib, torpaqlarımızı özümüz azad etməliyik. Bəhanə axtarmamalıyıq ki, ruslar, amerikalılar və ya avropalılar nə deyəcəklər. Hüquq bizim tərəfimizdədir və biz bu hüququmuzdan istifadə etməliyik”.

Geri qayıt