Əsas Səhifə > Partiya > SUMQAYITDA VİCDAN SATIŞA ÇIXARILDI
SUMQAYITDA VİCDAN SATIŞA ÇIXARILDI13-07-2012, 17:30 |
GƏNCLƏRDƏN QEYRİ-ADİ AKSİYA “Gələcək” ictimai birliyi cümə günü Sumqayıtda “Vicdanımı satıram” aksiyası keçirib. Bu xəbər Turana birliyin rəhbəri Atilla Caviddən daxil olub. O qeyd edib ki, aksiyanın keçirilməsində əsas məqsəd cəmiyyətdəki sosial ədalətsizliyin ictimailəşdirilməsidir. Cəmiyyətin müxtəlif sahələrində insanların şəxsi və ya vəzifə səlahiyyətlərindən birbaşa və ya dolayısı ilə istifadə edərək bir-birinə ədalətsiz davrandığı vurğulanır. İnsanların şəxsi maraqlarını cəmiyyət maraqlardan çox üstün tutması məqbul sayılmır. Birlik bu cəhətin demokratik cəmiyyətin formalaşmasında təməl prinsiplərdən biri olan ədalətlilik prinsipini pozması adlandırır. Gənclərə görə, durumun belə arzuolunmaz şəkildə inkişafı cəmiyyətin demokratikləşmə yolunda inkişafına böyük maneələr yaradır. Əsasən liberal gənclərdən ibarət olan birlik bunun əleyhinə olduqlarını, demokratikləşməyə töhfələrini vermək istədiklərini bildirirlər. Problemə bu şəkildə etiraz etməklə, birlik sosial durumundan asılı olmadan bütün insanları ədalətli olmağa, şəxsi azadlıqlara və ən əsası demokratiyanın təməl prinsiplərinə hörmət və əməl etməyə çağırırlar. “Gələcək” ictimai birliyi 2008-ci ildə təsis edilib. Dövlət qeydiyyatına alınmayıb, Təşəbbüs Qrupu şəklində fəaliyyət göstərir. Sumqayıtda təsis edilsə də Şəki, Bərdə, Lənkəranda bölmələri var. Liberal baxışlı 70-ə yaxın gənc bilik ətrafında birləşir. Birliyin rəhbəri Atilla Cavid Neft Akademiyasının məzunudur. Geri qayıt |