Əsas Səhifə > Şou-biznes > “ÇOX HİYLƏGƏR VƏ ÇOX AĞILLI BİR QADINDIR”

“ÇOX HİYLƏGƏR VƏ ÇOX AĞILLI BİR QADINDIR”


14-07-2012, 13:37
“ÇOX HİYLƏGƏR VƏ ÇOX AĞILLI BİR QADINDIR”

“MƏQSƏDİ POLADOVDAN DAHA ÇOX PUL ALMAQDIR"

Aktrisa Dilarə Nəzərova “Oliqarx” tamaşasındakı rolu haqqında premyeradan öncə Milli.Az-a danışıb:

"Pyesin müəllifi Əfqan, rejissoru isə Oruc Qurbanovdur. Tamaşada Nurəddin Mehdixanlı, Mətləb Abdullayev, Almaz Amanova, Rövşən Kərimduxt, Aslan Şirin, Sevinc Əliyeva və digər aktyorlar iştirak edirlər. Ümumiyyətlə, mənim obrazım katibə olduğu üçün tamaşadakı bütün personajlarla təması var. Lakin ən sıx ünsiyyətim Nurəddin Mehdixanlı və Mətləb Abdullayevin yaratdıqları obrazlarladır. Bu mənim rejissor Oruc Qurbanovla 2-ci işimdir. Bundan əvvəl Oruc Qurbanovun quruluşunda Mir Cəlalın “Dirilən adam” tamaşasında mollanın arvadı Şirini oynamışdım.

Oruc müəllimlə işləmək çox maraqlıdır, çünki o, aktyora müəyyən mənada sərbəstlik verən rejissorlardandır. Hansısa çərçivələrə salmır, sadəcə düzgün "traktovka" verir və səndən təklif olunan vəziyyət üçün oyun tələb edir ki, bu da onun yüksək peşəkarlığının göstəricisidir. "Oliqarx" tamaşasında oynamaq mənə çox maraqlıdır, pyes çox müasirdir. Rolum yetərincə maraqlı və bitkin obrazdır. Çoxlu rəng çalarları var, əslində, Anuş üzdəniraq erməni qızıdır, lakin adını dəyişib Naznaz qoyub ki, burada olsun, məqsədi Poladovdan daha çox pul almaqdır. Özünü kütbeyin, sadə, heç nə anlamayan kimi göstərir, lakin çox hiyləgər və çox ağıllı bir qadındır. Bu obrazın mənim ifamda nə qədər maraqlı alındığına, inşallah, tamaşaçılar qiymət verəcəklər".

Sonda aktrisa hamını "Oliqarx" tamaşasına baxmağa dəvət etdi.

Qeyd edək ki, tamaşanın premyerası 14 iyulda baş tutacaq.

Geri qayıt