Əsas Səhifə > Şou-biznes > "SƏN BİLİRSƏN, NECƏ EVYIXANSAN?!"

"SƏN BİLİRSƏN, NECƏ EVYIXANSAN?!"


26-10-2011, 12:13
"SƏN BİLİRSƏN, NECƏ EVYIXANSAN?!"

GƏNC MÜĞƏNNİNİN TƏDBİRİNDƏ GÖZDƏN QAÇANLAR

Dünən paytaxtın əyləncə məkanlarının birində Günay da media əhlini başına topladı, özü də ilk dəfə. O, "Səndən öncə, səndən sonra" klipinin təqdimat mərasimini keçirdi. Adəti üzrə, tədbirdə yerli şou-biznes sakinləri çoxluq təşkil edirdilər.

Tədbirə qatılan müğənni Roza Zərgərli avtomobilindən düşən zaman ayağı büdrəyərək az qala əlindəki gül dəstəsini yerə salmışdı. Deyəsən, Roza xanım Günayı görməyə yaman can atırdı. Məkana daxil olan müğənni həmkarı Samiranı görən zaman "Sən bilirsən, necə evyıxansan?!" deyərək zarafatyana gülümsədi.

Məclisi idarə edən İlkin Həsəni isə tədbirin ikinci yarısında istilənərək pencəyini çıxardı. O, sanki nəyəsə hazırlaşırdı. Aparıcı şəkil çəkdirməyə də meylli idi. Fotoaparat görən kimi müxtəlif pozalar verən İlkin tədbiri aparan zaman belə, əlindəki "BlackBerry"sini ətrafdakılara uzadaraq onu çəkməyi xahiş edirdi.

Müğənni Elnur Məmmədov içəriyə daxil olan kimi, hər kəslə görüşməyə başladı. Lakin bir jurnalisti görən zaman zarafatyana onu "hədələməyə" başladı: "Səni öldürəcəm!". Müğənni mərasimdə ucaboy və gözəl bir xanımla əyləşmişdi. Elnur mehribancasına xanımla isti münasibət nümayiş etdirirdi. O, tədbirin səbəbkarı Günaya onunla duet oxuyacağına söz verdi və bəzi həmkarlarını ondan qorxmağa çağırdı. Tədbirin ortasında siqaret çəkmək istəyən Elnur köməyi cangüdənindən istədi. Müğənni siqareti elə cangüdəndən aldı. İndi bilmirik, siqaretin pulunu əzəldən elə Elnur vermişdi, yoxsa o da cangünənin maaşına daxildir...

Qonaqlar arasında ifaçı Azad Şabanov da var idi. O, məkana daxil olan kimi, hər kəsə diqqət göstərdi. Müğənni Roza Zərgərli mahnı oxuyan zaman isə ani olaraq onunla rəqs etməyə başladı. Bu elə qəfil oldu ki, Roza özü də təəccübləndi. Onların birlikdə rəqs etmələri tədbirdə əyləşənlərin marağına səbəb oldu. Ancaq rəqsin uğurlu olmadığını düşünən Azad onları çəkən fotoqraflardan şəkilləri silməyi xahiş etdi.

"Klan-a-plan" qrupunun mərasimə gəlməsi səs-küyə səbəb oldu. Qrup Günay İbrahimli ilə görüşərək təbrik etdi. Tədbirdə musiqi ifa edə bilməyəcəklərini bildirən qrup üzvləri səslərinin batdığını bildirdilər. Gözdən qaçmayan məqamlardan biri də o oldu ki, qrup üzvü olan Azər sanki evdəki kimi ancaq saqqız çeynəyirdi.

Tədbirdə "Yeni ulduz" Çingiz Mustafayevin hərəkətləri də maraqlı idi. Həmkarını unudub başı bilyard oynamağa qarışan ifaçı hətta səhnəyə belə, oyun oynadığı əlçəklə çıxdı.

Gəlib çıxdıq mərasimin "şirin" məqamına. Tort kəsilən zaman səbəbkar lap "özünü itirdi". Tortun üzərindəki kiçik benqal şamlarını adi şamla dəyişik salan Günay nə qədər çalışsa da, onları söndürə bilmədi. Onu da bildirək ki, Günay yeni klipindəki görüntülərə görə də jurnalistlər tərəfindən sorğu-sualla tutuldu. Media əhli klipdə Günayın klassik libasda meşəni gəzməyini də tənqid etdi. Ancaq Günayın onsuz da kefi yox idi. Səbəb isə bəzi qonaqlarının dəvəti qəbul edib, gəlməməsi oldu.

Məclisdə oynayanlarla yanaşı, səssiz gəlib-gedənlər də oldu. "Şeron" qrupunun keçmiş üzvü Yaşarla "OK" jurnalının baş redaktoru Zəhra Bədəlbəyli bir küncə çəkilərək heç kimə qaynayıb-qarışmadılar.

Tədbirin sonunda isə reper Elşad Xose təşrif buyurdu. Tədbir bitəndən sonra isə Günayın mətbuat katibi Ceyhun Məhərrəmov da fotoqraflardan birinin cibinə pul qoydu. Ancaq səbəbini bilmədik...


Geri qayıt