Əsas Səhifə > Partiya > “BÖYÜK BİRLİKLƏRƏ NAİL OLMAQ MÜMKÜNDÜR”
“BÖYÜK BİRLİKLƏRƏ NAİL OLMAQ MÜMKÜNDÜR”16-07-2012, 14:59 |
AXC-NİN 23 İLLİYİ QEYD OLUNUB Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Azərbaycan Xalq Cəbhəsinin (AXC) 23 illiyi ilə bağlı təntənəli toplantı keçirilib. Toplantıda ölkənin çoxsaylı siyasi partiyalarının rəhbərləri, Ziyalılar Forumunun təmsilçiləri, ziyalılar, ictimai xadimlər, gənclər təşkilatları iştirak ediblər. AXC 1989-cu il iyulun 16-da Bakıda təsis edilib. AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Qurum Azərbaycanın milli azadlığı uğrunda mübarizə aparıb və 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin elan edilməsinə nail olub. AXC-nin apardığı milli azadlıq hərəkatı nəticəsində 1993-cü ildə Rusiya ordusunun Azərbaycandan çıxarılıb. 1992-ci ildə AXC sədri Əbülfəz Elçibəy demokratik seçkilər nəticəsində prezident seçilib və 1993-cü ilin iyununda qiyam nəticəsində devrilib. Xalq hərəkatı çoxsaylı məhrumiyyətlərlə də üzləşib, çoxsaylı üzvləri azadlıq yolunda həlak olub. 1990-cı il 20 yanvar hadisələrindən sonra yüzlərlə cəbhəçi həbs edilib, 1993-cü il dövlət çevrilişindən sonra da yüzlərlə hərəkat üzvü həbslərə məhkum edilib. AXC-nin bazasında Azərbaycanın çoxpartiyalı siyasi sistemi, o cümlədən Müsavat, Milli İstiqlal, Demokrat, Vətəndaş Həmrəyliyi və digər partiyalar yaradılıb. AXC özü 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) çevrilib. 2000-ci ildən AXCP-yə Əli Kərimli sədrlik edir. AXCP sədri Əli Kərimli təntənəli toplantıda partiyanın keçdiyi tarixi yol və qarşıda duran vəzifələrlə bağlı geniş çıxış edib. O, qarşıdakı vəzifələrdən danışarkən Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin “Azərbaycana müstəqilliyi biz gətirmişik, demokratiyanı da biz gətirəcəyik” sözlərinə istinad edib. Ə.Kərimli AXCP-nin Azərbaycanın müstəqilliyi və demokratiya uğrunda mübarizə tarixindən danışarkən deyib ki, “AXCP müstəqillik yolunda yüzlərlə şəhid verib, demokratiya uğrunda mübarizədə isə 16 üzvü siyasi məhbus olub”. O, Ziyalılar Forumuna minnətdarlıq edib: “Ziyalılar Forumu Azərbaycan ziyalısını xalqa qaytardı”. Beynəlxalq təşkilatların və qərb dövlətlərinin Azərbaycandakı fəaliyyətindən danışarkən Ə.Kərimli deyib ki, “İlham Əliyevi demokrat kimi təqdim edənlərin özü belə artıq bu mövqeni müdafiə etmirlər. Həmin dövlətlər və təşkilatlar öz ölkələrində korrupsionerləri dəstəkləmədiyi kimi, Azərbaycanda da dəstəkləməməlidir” . AXCP sədri həmçinin son zamanlar bir sıra Avropa təşkilatlarının təmsilçilərinin Azərbaycanda rüşvətdə suçlandırılması ilı bağlı məlumatlara işarə edərək deyib ki, “beynəlxalq ictimaiyyət öz ölkələrində xalqın nəzarətindən çəkinərək rüşvət ala bilməyən insanların Azərbaycanda da rüşvət almasını ifşa etməlidir”. O həmçinin Türkiyəni Azərbaycan Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevə bu ölkənin prokurorluğunda qaldırılmış cinayət işinə xitam verməyə çağırıb. “İntiqam Əliyev Azərbaycanda rejimin qurbanı olan çoxsaylı adamların Avropa məhkəməsində səsidir”, - o, qardaş Türkiyəyə səslənib. Məruzədə yeni texnologiyalardan istifadə, müxalifətin demokratiya uğrunda mübarizəsində gənclərin rolundan da danışıb. Bütün çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə, Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy xatırlanıb. Bununla yanaşı Azərbaycanda demokratiya uğrunda mübarizə aparan qüvvələrin birliyinin vacibliyi qeyd edilib. Ziyalılar Forumunun təsisçilərindən biri Rafiq Əliyev deyib ki, Azərbaycanda çoxpartiyalı sistem mövcuddur. Buna baxmayaraq, çoxsaylı siyasi partiyaların ideya məqsədləri eynidir. Ona görə də demokratiya uğrunda enerjinin birləşdirilməsinə ehtiyac var. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər də demokratik qüvvələri birgə mübarizəyə çağırıb: “AXC-nin mübarizə tarixi göstərir ki, böyük hədəflərə böyük birliklərə nail olmaq mümkündür”. Bir sıra çıxışlarda isə Azərbaycan xalqının milli azadlıq hərəkatına daha geniş məkanda baxmağın vacibliyi irəli sürülüb. “Şərqdə respublikaçılıq hərəkatının banisi Səttarxandır. Məmməd Əmin Rəsulzadə də , Əbülfəz Elçibəy də Səttarxanın Respublikaçılıq hərəkatını davam etdirib. Hesab edirəm ki, milli azadlıq liderlərinin sırasında Səttarxanın, Seyid Cəfər Pişəvərinin də portretləri olmalıdır. Biz Azərbaycanın şimalının da, cənubunun da milli azadlıq hərəkatını birgə görməliyik”, - ADP sədri Sərdar Cəlaloğlu vurğulayıb. Çıxışlarda gənclərin ictimai-siyasi həyatdakı roluna da toxunulub. 60-cı illərin gəncliyi Şimali Azərbaycanı müstəqilliyə qovuşdurdu. Bu günün gəncliyi isə 50 milyonluq Azərbaycan xaqlının milli azadlığına nail olmalı və demokratiyanı gətirməlidir. “Bizim gənclik şimali və cənubi Azərbaycanda ələ-ələ verib 50 milyonluq xalqımızı azadlığına qovuşduracaq. Bugünkü gəncliyin milli məfkurəsi budur”, - professor Firudin Cəlilov qeyd edib. Geri qayıt |