Əsas Səhifə > Sosial, Manşet > KEÇMİŞ XİDMƏT RƏİSİ İCRA BAŞÇISI OLACAQ

KEÇMİŞ XİDMƏT RƏİSİ İCRA BAŞÇISI OLACAQ


20-07-2012, 12:26
KEÇMİŞ XİDMƏT RƏİSİ İCRA BAŞÇISI OLACAQ

ARİF QARAŞOV YENİDƏN “YUXARILARIN” ETİMADINA LAYİQ GÖRÜLÜB

DİA.AZ: - Bir müddət əvvəl görəvdən alınan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun yenidən etimada layiq görüldüyü bildirilir. Bu barədə DİA.AZ-a verilən məlumatda qeyd olunur ki, keçmiş xidmət rəisinə bir neçə vəzifə təklifi edilib ki, onların da içində ən cəlbedicisi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı postudur.

Bildirək ki, nə zamandır həmin postu tutan Hacıbala Abutalıbovun «vurulacağı» haqda xəbərlər dolaşsa da, hələ də heç bir dəyişiklik baş verməyib. İndi isə Hacıbala Abutalıbovun da «qatarının getdiyi» bildirilir. Mənbə onu da bildirir ki, Arif Qaraşov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən «vurulub» və onunla bağlı yeni planların yubanmasının səbəbkarı da PA rəhbəridir.

Məsələ ilə bağlı Arif Qaraşovun mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı. Yalnız onu öyrənə bildik ki, keçmiş xidmət rəisi hazırda Şamaxıda istirahət edir.

Onu da bildirək ki, son günlər bir sıra mühüm postlarda dəyişikliklərin baş verəcəyi haqda məlumatlar yayılmaqdadır. Əsas olaraq isə bu ilin sentyabr ayında ciddi kadr islahatlarının həyata keçiriləcəyi söylənilir. Mənbəmiz bildirir ki, milyonlarla dollar sərvəti olan Arif Qaraşov də məhz bu ilin sentyabr ayında görəv alacaq: «Həmin ərəfədə Hacıbala Abutalıbov vəzifədən çıxarılacaq».

Onu da xatırladaq ki, bu vaxta qədər Hacıbala Abutalıbovun yerinə bir neçə nəfərin adı hallandırılırdı. Onların sırasında hazırda Sumqayıt icra hakimiyyətinə rəhbərlik edən Eldar Əzizov da var idi. Lakin Eldar Əzizov bəlli olduğ bu kimi Gəncədən Sumqayıta transfer olundu. Bundan sonra iddialıların çevrəsinin daraldığını bildirən mötəbər mənbəmiz daha bir iddialının da hazırda Xətai rayon icra hakimiyyətinə rəhbərlik edən Razim Məmmədovun olduğunu bildirir: «Amma onların şansları Arif Qaraşovla müqayisədə kifayət qədər azdır. Çünki Razim Məmmədovun özünün həbs olunma məsələsi gündəmdədir».

Mənbəmiz onu da bildirdi ki, Bakı meri postu uğrunda yarışmada yuxarıda himayədarlarının olması faktı yetərli deyil: «Doğrudur, hakimiyyət bu gün elə bir mühit yaratmağa çalışır ki, guya korrupsiya məsələsi birdəfəlik olaraq ləğv edilib. Amma ən üst səviyyədə bu mərəz hələ də qalmaqdadır və ləğvi mümkün də deyil».

Mənbəmizin sözlərinə görə, hazırda Bakı meri postunun qiyməti 200 milyon dollar civarındadır: «Bu məbləği nə Eldar Əzizov verə bildi, nə də digərləri». Sumqayıt şəhər icra hakimiyyətinin başçısı postuna 70 milyon dollara təyin olunduğu bildirilən Eldar Əzizovla yanaşı, digər namizədlərin də maddi imkan baxımından Arif Qaraşovdan geri qaldığı bildirilir.

Mənbəmizin sözlərinə görə, uzun müddət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəhbərlik etmiş Arif Qaraşovun toplam sərvəti 400 milyon dollara yaxın olsa da, bu varidatın bir qismi hələ o, vəzifədən azad edilərkən əlindən alınmışdı.

Geri qayıt