Əsas Səhifə > Partiya > “MÜXALİFƏTİN QALİB GƏLMƏSİ MÜMKÜN DEYİL”

“MÜXALİFƏTİN QALİB GƏLMƏSİ MÜMKÜN DEYİL”


20-07-2012, 13:13
“MÜXALİFƏTİN QALİB GƏLMƏSİ MÜMKÜN DEYİL”
AYDIN MİRZƏZADƏ MEYDAN SULAYIR

Bu gün radikal cinahda bir neçə lider var və həmin liderlərin hər biri vahid namizəd deyəndə, namizəd kimi yalnız özünü görür.

Bunu SalamNews-a açıqlamasında millət vəkili, politoloq Aydın Mirzəzadə müxalifətin 2013-cü il prezident seçkilərində vahid namizədlə bağlı ortaq mövqeyə gəlib-gələ bilməyəcəkləri barədə məsələyə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, vahid namizəd həmin cinaha o vaxtı sərf edir ki, kimsə məhz öz namizədliyini təbliğ edə bilsin. ”Həmin liderlər vaxtaşırı bu mövzunu öz elektoratına eşitdirilər, özlərinin namizədliyinin dəstəklənmədiyini gördükdə geri çəkilirlər. Eyni insanlar, eyni texnologiya, eyni düşüncə olduğuna görə 2013-cü il prezident seçkilərində də eyni nəticəni görəcəyik”, - millət vəkili deyib.

Mirzəzadə qeyd edib ki, riyaziyyatda bir düstur var - toplananların yerini dəyişəndə, cəm dəyişmir. “Yenidən onlar arasında separat danışıqlar, yenidən qısa müddətə sabun köpüyü kimi yaradılmış seçki blokları, yenidən qarşılıqlı ittihamlar və seçkidən sonra heç nə olmamış kimi əvvəlki ittihamları, təhqirləri, bir-birilərini aşağılayan fikirləri unudaraq yenidən, belə deyək ki, süni bir dostluq ittifaqlarının yaradılması özünü biruzə verəcək. Bunlar hamısı görüntülərdə olan məsələdir”, – o deyib.

Mirzəzadə onu da əlavə edib ki, prezident və parlament seçkiləri iqtidarla müxalifət arasında keçirilmir. “Bu, seçkidə iştirak etmək istəyən qüvvələr arasında keçirilir və bu gün Azərbaycanda demokratik fikirdə olan, öz mövqeyini bu və ya digər formada ortaya qoyan kifayət qədər qüvvələr və şəxslər var. Hər seçkidə də ilk növbədə onların fikirləri və ideologiyası arasında mübarizə gedir. Azərbaycanın radikal müxalifəti isə indiki dövrdən qat-qat geridə qalıb. Onlar hələ də 20 il bundan əvvəlin ab-havası ilə yaşayırlar. Ümumilikdə müxalifətin bu seçkilərdə də qalib gəlməsi mümkün deyil. Bunun üçün gərək iqtidar zəif işləyə, gərək iqtidar öz vəzifəsinin öhdəsindən gəlməyə, gərək cəmiyyətin böyük bir hissəsi bu iqtidardan narazı qala. Ancaq hansı halda narazı qala bilər ki, insanların problemləri həll edilir, insanların sosial vəziyyəti yaxşılaşdırılır, insanlar daxili və xarici siyasətin, onların maraqlarına uyğun olan siyasətin həyata keçirilməsini görürlər. Yəni, bu gün müxalifət liderləri düşünürsə ki, insanlar sadəcə, kiminsə bəlağətli ifadəsinə görə onları seçəcək, yanılırlar”, - millət vəkili vurğulayıb.

A.Mirzəzadə "radikal müxalifətin seçkiləri boykot edə bilərmi" sualına cavab olaraq bildirib ki, onlar birmənalı şəkildə seçkilərdə iştirak edəcəklər. “Birmənalı şəkildə özlərini milli-demokratik adlandırıb, ancaq bu tələblərə heç də uğurla cavab verməyən qüvvələr yenə seçkiqabağı spekulyasiya edəcəklər. Bu, artıq illərdir ki, təkrarlanır. Çünki eyni siyasi oyunçular, eyni siyasi texnologiya, eyni siyasi ssenaridir. Özü də nəinki cəmiyyət, hətta, həmin bu cinahın elektoratı belə onların bu yanaşmasından artıq yorulub. Onların artıq siyasətdən getməsinin, yerlərini öz ideologiyalarının daşıyıcısı olan yenilərə, gənclərə verməsinin artıq vaxtı çoxdan çatıb. Ancaq yenidən və yenidən öz uğursuzluğuna möhür vurulmasına yorulmayan, təəssüf ki, siyasi qüvvələr, siyasi liderlər var”, - o qeyd edib.

Geri qayıt