Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOVUN QOHUMU BAŞÇIYA BORCLU QALIB

CAVİD QURBANOVUN QOHUMU BAŞÇIYA BORCLU QALIB


23-07-2012, 12:23
CAVİD QURBANOVUN QOHUMU BAŞÇIYA BORCLU QALIB

MASALLIDA YENİ İCRA BAŞÇISI PULTOPLAMA KAMPANİYASI ELAN EDİB

DİA.AZ: - Prezident Administrasiyasında kuratorluqdan Masallıya icra başçısı göndərildikdən sonra Rafil Hüsyenov bütün istiqamətlərdən pul yığmağa başlayıb. Bu barədə məlumatı DİA.AZ-a rayondakı mötəbər mənbə verib.

Mənbə bildirir ki, Rafil Hüseynov gələn kimi bütün idarələrə haqq qoyub: «İcra başçısı yerli idarə və müəssisə rəhbərlərinin iştirakı ilə təşkil etdiyi ilk iclasdaca əsl niyyətini ortaya qoydu. İclasda iştirak edən hər kəsə bildirdi ki, başçı gələ bilməsi üçün 1 milyon manat xərci çıxıb və qısa müddət içində həmin pulu çıxarmalıdır».

Mənbəmiz bildirir ki, artıq Rafil Hüseynov qısa müddət içində öz «hədəfinə» çatmış hesab oluna bilər: «Nəinki 1 milyon manat, hətta 10 milyon manata yaxın pulun toplandığını iddia edənlər var. Çünki əksər idarə müdirləri başçının onu taladığını deyirlər».

Məsələn, mənbə bildirir ki, yerli təhsil idarəsinin müdiri 80 min manat pul verib: «Doğrudur, həmin puldan 3 min manat borclu qalıb. Yəni başçının 80 min manat tələbinin qarşısında 77 min manat pulu verə bilib. Təbii ki, həmin pulları öz cibindən verməyib. Əksinə təhsil idarəsinin müdiri bu prosesdən qazanclı çıxmış da hesab oluna bilər».

Bildirək ki, Masallıda 98 orta məktəb fəaliyyət göstərir və onların böyük əksəriyyəti tam orta təhsil verir: «Təhsil idarəsinin müdiri də yeni başçının tələbinə uyğun olaraq hər bir məktəb direktorundan - tam orta təhsil verən məktəbin direktorundan 2 min manatdan pul yığıb. Natamam orta təhsil verən məktəblərin direktorları isə min manat pul veriblər. Doğrudur, bəzi məktəb direktorları pullarının olmadığını və yalnız 500 manat verə biləcəklərini deyiblər. Amma bu hesabla da yerli təhsil idarəsinin müdirinin ən azından 20 min manatlıq qazancla prosesi yola verə biləcəyi şübhəsizdir».

Məlumatlara görə, digər idarə və müəssisələrin rəhbərləri də 35-45 min manatlıq «başçı vergisi»ni alayarıpmçıq olsa da, ödəyiblər. Bu arada mənbəmiz maraqlı bir faktı da açıqladı. Sən demə, Rafil Hüseynova borclu qalan yerli idarə müdirləri arasında «Azəravtoyolservis»in prezidenti Cavid Qurbanovun doğmaca əmisi oğlu - Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin müdiri Nahid Şəmşirov da var. Məlumatlara görə, Cavid Qurbanovun qohumu başçıya 40 min manat verməli olduğu təqdirdə, cəmi-cümlətanı 35 min manatı toplayıb verə bilib.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Qeyd edək ki, Masallı ilə bağlı əməkdaşlarımız geniş bir reportaj hazırlamaqdadırlar ki, həmin materialı da yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt