Əsas Səhifə > Sosial, Manşet > RÖVNƏQ ABDULLAYEV QİSAS ALMAĞA HAZIRLAŞIR

RÖVNƏQ ABDULLAYEV QİSAS ALMAĞA HAZIRLAŞIR


24-07-2012, 18:18
RÖVNƏQ ABDULLAYEV QİSAS ALMAĞA HAZIRLAŞIR

KEÇMİŞ “AZƏRİQAZ” ŞEFİNİN VARİDATININ TALANMASI PLANI İŞƏ SALINDI

DİA.AZ: - Hakimiyyətin antikorrupsiya tədbirlərinin daha çox imitasiya xarakteri daşıdığı artıq hər dəqiqə sübuta yetirilməkdədir. Görülən tədbirlərin kosmetik xaraekter daşıması, verilən cəzaların dişsizliyi, habelə artıq köhnə sistemin bərpa olunması istiqamətində fəaliyyətin sürdürülməsi dediklərimizin bariz sübutudur. Digər yandan isə, artıq müəllimlərin, həkimlərin maaşları artana qədər rüşvət ala bilmələrinə rəsmən icazənin verilməsi də hakimiyyətin bəh-bəhlə bəhs etdiyi tədbirlərin hansı dərəcədə tutarlı olmasını əks etdirir.

Bütün bunlarla yanaşı, antikorrupsiya tədbirlərinin imitasiya mahiyyətini daşıması eyni zamanda daha çox «vurulmuş» sabiq məmurların dövrlərinin təftiş edilməsindən də açıq-aydın görükməkdədir. Məsələn, iqtisadi inkişaf nazirliyində daha çox hazırda həbsdə saxlanılan Fərhad Əliyevin dönəmi araşdırılır. Hətta Heydər Babayevin nazir olduğu dönəmə belə gəlib çıxmayıblar. Bunların fonunda isə ölkənin ən böyük korrupsiya yuvasının başında dayanan təhsil naziri Misir Mərdanov toxunulmaz olaraq qalır. Bir-birinin ardından işçiləri həbs olunan Füzuli Ələkbərov da eyni qaydada toxunulmazlığını qoruyur. Bunlar isə hakimiyyətin hansı mənada korrupsiya ilə mücadilə apardığını ortaya qoyur.

DİA.AZ-a daxil olan məlumatlara görə, daha bir sabiq məmura qarşı da belə bir plan cızılır və hətta onun həbs olunması da nəzərdə tutulub. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, daha bir sabiq məmur da hədəfdədir. Belə ki, "Azərbaycan Respublikasının Milli Məclisi yanında Hesablama Palatası "Azəriqaz" QSC-nin investisiya layihələri ilə bağlı yoxlamalar aparıb". Bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov bir müddət əvvəldən məlumat bildirmişdi. Onun sözlərinə görə, yoxlama "Azəriqaz" ARDNŞ-in tabeliyinə verilməmişdən öncəki dövrü əhatə edib və Bakı kəndlərinin qazlaşdırılması ilə bağlı olub.

Palata sədri bildirib ki, həmin yoxlamalar zamanı ciddi xarakterli nöqsanlar aşkarlanıb. Bu sıraya işin həcminin artırılması, oxşar zonalarda qeydiyyatdan keçmiş çox aşağı reytinqli müəssisə və təşkilatlarla iş görülməsi, tenderlərin düzgün keçirilməməsi, ehtimal olunan qiymətlərin hesablanmadan qalibin elan olunması və s. daxildir. Daha sonra Heydər Əsədov "Azəriqaz"ın səhmdar cəmiyyət olmasına baxmayaraq, bir növ müəssisələr birliyi formasında fəaliyyət göstərdiyini deyib.

Palata sədrinin açıqlamaları ilə bağlı DİA.AZ-ı məlumatlandıran mənbənin sözlərinə görə, Heydər Əsədovun adıçəkilən qurumun Əlixan Məlikovun dövründəki fəaliyyətini təftiş etməsi, həmin təftişin nəticələrini isə açıq şəkildə mediaya sızdırması təsadüfi deyil: "Məsələ burasındadır ki, Məlikov ARDNŞ prezidenti Rövnəq Abdullayevlə intriqa aparır. Vəzifəsindən atılmasına rəğmən, Məlikov iqtidar içindəki dayaqları vasitəsi ilə Abdullayevə uyğun situasiyada zərbə vurmağa çalışır, eyni zamanda mətbuata Rövnəq Abdullayev haqqında kampramat xarakterli bilgilərin sızdırılmasına çalışır".

Mənbə deyib ki, Məlikovun ARDNŞ prezidentinə aqressiyası kürsüsündən atılmasında məhz Rövnəq Abdullayevinin həlledici rol oynadığı yönündə şübhələrinin olması ilə bağlıdır: "Dövlət Neft Şirkətinin prezidenti də "Azəriqaz"ın keçmiş "şef"inin ona gizli cəbhə açmasından məlumatlıdır, ona görə də "Azəriqaz" ARDNŞ-ə tabe etdirilməmişdən əvvəl adıçəkilən qurumun fəaliyyətini yoxlatdırmaq və ciddi qüsurları Hesablama Palatası sədrinin dili ilə mətbuata açıqlatmaqla Əlixan Məlikova "sus" komandası vermək istəyir". İddialara görə, Rövnəq Abdullayev "Azəriqaz"ın keçmiş "şef"ini ən ağır formada cəzalandırmaq istəyir: "Məlikov vəzifəsindən atılsa da, əlindəki varidatın və sahib olduğu gəlir qaynaqlarının əhəmiyyətli hissəsini qoruya bilib. ARDNŞ prezidenti isə sabiq "Azəriqaz" prezidentinin fəaliyyətində ciddi nöqsanların olduğunu qabartmaqla həm Əlixan müəllimin sərvətlərindən əl çəkmək məcburiyyətində qalmasını, həm də özünə qarşı cəbhənin zərərsizləşdirilməsini istəyir".

Mənbəmizin dediklərini bir maraqlı detal da təsdiqləyir. Belə ki, Heydər Əsədov 2009-cu ildə rəhbərlik etdiyi palatanın həyata keçirdiyi yoxlamalar və aşkarladığı nöqsanlar haqqında danışarkən konkret olaraq, yalnız "Azəriqaz"ın adını çəkib. Bu isə istər-istəməz sual yaradır: əcəba, niyə?

Son məlumatlarda isə bildirilir ki, artıq Hesablama Palatası ilə yanaşı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları da Əlixan Məlikovun dövrünün araşdırılması ilə məşğuldurlar: «Bunun nəticəsi çox ağır ola bilər. Əgər məsələyə KMİ qarışıbsa, bunun ucunda ən yaxşı halda əlində olan varidatın bir qismindən vaz keçmə hadisəsi dayanır».

Geri qayıt