Əsas Səhifə > Sosial, Manşet > SINIQ KÖRPÜDƏ GÖRÜNMƏMİŞ RƏZALƏT

SINIQ KÖRPÜDƏ GÖRÜNMƏMİŞ RƏZALƏT


27-10-2011, 11:56
SINIQ KÖRPÜDƏ GÖRÜNMƏMİŞ RƏZALƏT

GÜRCÜSTANDAN GƏLƏN AVTOBUSLARI YUBATMAQDA MƏQSƏD NƏDİR?

DİA.AZ: - Azərbaycanda rüşvət və korrupsiyanın ən çox kök saldığı sahələrdən birinin də gömrük sahəsi olduğu hamıya bəllidir. Səyahət məqsədilə ölkə sərhəddini bir dəfə keçən istənilən şəxs bunu təsdiq edə bilər. Biz hələ bizneslə məşğul olan, qonşu ölkələrdən Azərbaycana, eləcə də Azərbaycandan qonşu ölkələrə müxtəlif malların idxalı və ixracı ilə məşğul olan iş adamlarını demirik. Əslində son illər ölkədə özünün pik nöqtəsinə çatan monopoliyalaşma, eyni zamanda gömrük xidmətində baş alıb gedən rüşvətxorluq belə iş adamlarının böyük əksəriyyətinin müflis olmasına, biznesdən uzaqlaşmasına səbəb olub. Xarici ölkələrlə ticarət müxtəlif monopolistlərin əlində cəmləşib. Bu prosesdə oliqarxların əsas təzyiq aləti də elə gömrük xidməti olub.

Amma ən acınacaqlısı odur ki, hətta qonşü ölkələrə - Türkiyəyə, İrana, Gürcüstana bizneslə əlaqədar deyil, səyahət, müalicə bə bu kimi başqa məqsədlərlə gedən vətəndaşlarımız da gömrük keçid məntəqələrində min bir əziyyətlə qarşılaşırlar. Qazaxdan - Sınıq Körpu ğömrük postundan redaksiyamıza daxıl olan son məlumatlar da elə bu barədədir. Öncə qeyd edək ki, sözügedən post Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyindədir və Qazax rayonunun İkinci Şıxlı kəndində yerləşir.

“Dünya” İnformasiya Agentliyi redaksiyasının (dia-az.life) Qərb bölgəsi üzrə müxbiri Ələddin Kəsəmənlinin verdiyi məlumata görə, Sınıq Körpu gömrük-keçid məntəqəsindən Gürcüstana keçıb-qayıdan vətəndaşlar gömrük əməkdaşlarının özbaşınalığından, burada sərhədd tanimayan rüşvətxorluqdan hədsiz narazıdırlar.

Vətəndaşların verdiyi bilgiyə görə, Gürcüstan ilə Azərbaycan arasındakı fərq həddindən artıq çoxdur. Həm sərhədçilərin vətəndaşlara münasibətində, həm təmizlik və səliqə-səhmanda, həm də qiymətlərin çox ucuz olmasında. Gürcüstana gedib-qayıdan əksər vətəndaşlar neft ölkəsi olan Azərbaycanda qiymətlərin Gürcüstanla müqayisədə 3-4 dəfə baha olduğunu bildirirlər. Otellərdə qalmaq qiymətindən tutmuş, bazarda alış-verişə qədər bütün sahələdə Gürcüstanda qiymətlərin ucuz olduğunu önə çəkən vətəndaşlar orada rüşvətin olmamasının ilk andaca diqqəti cəlb etdiyini vurğulayır, geriyə qayıdan zaman isə elə gömrük keçıd məntəqəsində tamamilə əks mənzərə ilə qarşılaşdıqlarını bildirirlər.

Müxbirimizin verdiyi məlumata görə, Sınıq Körpü adlanan keçıd məntəqəsində insanlar saatlarla soyuq havada gözləməli olurlar ki, gömrük əməkdaşları nə vaxt insafa gəlib onları yoxlayıb buraxacaqlar. Gürcüstan tərəfinə keçərkən və oradan qayıdarkən avtobusun yoxlanılması beş saata yaxın vaxt aparır. Belə ki, günorta saat 12-də yoxlanışa buraxılan avtobus düz axşam saat 5-də oradan çıxa bilir. Halbuki Gürcüstan gömrüyündə bu yoxlama cəmi 10-15 dəqiqə vaxt aparır.

Minik avtomobili ilə gələnlər isə rüşvət sayəsində öz növbəsini qabağa saldırır və postu tez keçirlər. Avtobus sürücüləri isə onlardan tələb olunan rüşvəti verə bilmir və bu səbəbdən saatlarla yubanırlar.

Müxbirimizin bildirdiyinə görə, vətəndaşların əsas narazılıqlarından biri də Sınıq Körpü adlanan ərazidə antisanitariya şəraitinin hökm sürməsidir. Ərazi az qala zibilliyi xatırladır. Gürcüstan sərhəddindən keçib Azərbaycana ilk dəfə qonaq gələn insanlar bu cür natəmiz sərhəd-buraxılış məntəqəsi görmədiklərini bildirirlər.

Ən acınacaqlısı isə odur ki, burada sanitar qovşağı yoxdur. Gömrük keçıd məntəqəsində anti-sanitariyanın baş alıb getməsinin bir səbəbi də budur. Dəgər tərəfdən, buradakı bazarın fəaliyyəti də keçid məntəqəsinin üfunət qoxumasına təsir göstərir. Həmin bazarda meyvə-tərəvəz, çay və su olduqca baha qiymətə satılır. Saatlarla keçid məntəqəsində yubadılan vətəndaşlar orada alver etmək məcburiyyətində qalırlar.

Əldə etdiyimiz məlumata görə, keçid məntəqəsində avtobusların yubanması gömrük xidməti rəisinin özəl maraqları ilə bağlıdır. Çünki 5 saat ərzində burada müəyyən alış-veriş edilir ki, bundan da ona “haqq” çatır.

Gürcüstanlı soydaşlarımız isə keçid məntəqəsində tez-tez təhqir olunur, hətta fiziki təzyiqlərə belə məruz qalırlar. Belə ki, öz həyətinin məhsulunu Azərbaycana satmağa gətirən soydaşlarımızdan yüksək məbləğdə rüşvət istənilir. Bu da mübahisə və vətəndaşlara qarşı zorakı davranışa səbəb olur. Hətta 1 kq sosiska və kolbasanın Azərbaycana keçirilməsinə belə çox vaxt maneəçilik törədilir. Eyni məhsulu Gürcüstandan idxal edən monopolistlərə isə heç bir maneə yoxdur...


Geri qayıt